Qatar biletlərində yeni narazılıq: Sərnişinlər frankla hesablanan qiymətlərə etiraz edir…backend

Qatar biletlərində yeni narazılıq: Sərnişinlər frankla hesablanan qiymətlərə etiraz edir...

Bakı–Tbilisi–Bakı qatar marşrutunun bilet qiymətlərinin İsveçrə frankına bağlanması sərnişinlər arasında narazılıq yaradıb. Azərbaycan və Gürcüstan vətəndaşlarının gəlirləri milli valyuta ilə formalaşdığı halda, tariflərin xarici valyutaya indeksləşdirilməsi əlavə maliyyə yükü və qiymət qeyri-müəyyənliyi yaradır. Ekspertlər hesab edirlər ki, bu yanaşma sərnişinlərin maraqlarından çox daşıyıcının risklərini qorumağa xidmət edir. Bəs iki qonşu ölkə arasında fəaliyyət göstərən bir marşrutda bilet qiymətlərinin İsveçrə frankına bağlanması nə dərəcədə əsaslandırılmış qərardır?

Bu barədə KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, İsveçrə frankı dünyanın ən sabit valyutalarından biri hesab olunur və onun məzənnəsində kəskin dəyişikliklər nadir hallarda müşahidə edilir.

Razi Abbasbəyli: “Ölkəmizdə 5 milyondan çox insan...” - MÜSAHİBƏ

Onun sözlərinə görə, bir çox ölkələrdə, xüsusilə də dəmir yolu nəqliyyatı sahəsində tariflərin sabitliyini qorumaq məqsədilə qiymətlər İsveçrə frankına indeksləşdirilir:

“Bu, dünya təcrübəsində qəbul edilmiş mexanizmdir. İsveçrə frankı daha etibarlı və sabit valyuta hesab olunduğundan tariflərin müəyyənləşdirilməsində istifadə edilir. Bu səbəbdən də məzənnədə ciddi dalğalanmaların baş verməsi ehtimalı aşağıdır”.

Bununla belə, iqtisadçı hesab edir ki, Bakı–Tbilisi–Bakı marşrutu üçün belə yanaşma sosial ədalət prinsiplərinə tam uyğun deyil. Onun fikrincə, bu marşrut əsasən Azərbaycan və Gürcüstan vətəndaşlarına xidmət edir və hər iki ölkədə əhalinin gəlir səviyyəsi Avropa İttifaqı ölkələri ilə müqayisədə daha aşağıdır.

“Bakı–Tbilisi qatarı digər ölkələrin dəmir yolu şəbəkələrinə inteqrasiya olunmuş beynəlxalq tranzit xətti deyil. Bu, iki ölkə arasında sərnişindaşımanı həyata keçirən marşrutdur. Buna görə də tariflər Azərbaycan və Gürcüstan arasında razılaşdırılmış iqtisadi göstəricilər əsasında müəyyənləşdirilməli idi”, – deyə o, vurğulayıb.

R.Abbasbəyli hesab edir ki, bilet qiymətlərinin ABŞ dollarının məzənnəsinə uyğun formalaşdırılması daha məntiqli olardı. Ekspert bunu Azərbaycan və Gürcüstanın xarici ticarət əməliyyatlarının əsasən dollar üzərindən həyata keçirilməsi ilə əsaslandırıb.

“Əgər tariflər ABŞ dollarına uyğun hesablanardısa, Bakı–Tbilisi–Bakı marşrutu üzrə biletlərin indiki qiymətlərdən təxminən 30-40 faiz daha ucuz olması mümkün idi. Hər iki ölkənin xarici ticarət dövriyyəsi əsasən dollar ekvivalentində aparıldığı halda, yalnız bu marşrut üzrə İsveçrə frankının əsas götürülməsi doğru yanaşma deyil”, – iqtisadçı qeyd edib.

Ekspert əlavə edib ki, İsveçrə frankının bahalaşması və ya ucuzlaşması nəticəsində bilet qiymətlərində ciddi dəyişikliklərin baş verməsi ehtimalı yüksək deyil. Onun sözlərinə görə, frank qlobal maliyyə sistemində sabit valyuta kimi qəbul olunur və böyük dəyişkənlik nümayiş etdirmir.

“Frankın məzənnəsində ciddi artım olarsa, nəzəri baxımdan bilet qiymətlərinə təsir göstərə bilər. Lakin belə ssenarinin baş vermə ehtimalı olduqca aşağıdır. Buna baxmayaraq, tariflərin İsveçrə frankına bağlanması Azərbaycan və Gürcüstan vətəndaşlarının gəlir səviyyəsinə uyğun deyil və sosial ədalət baxımından mübahisəli qərar olaraq qalır”, – deyə Razi Abbasbəyli fikrini yekunlaşdırıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*