Azərbaycanda Qarabağda qazanılan Böyük Qələbənin ikinci ildönümü – Zəfər Günü qeyd olunur. Ölkə başçısının 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilən Zəfər Günü münasibəti ilə tədbirlər təşkil edilir, respublikanın bütün bölgələrində əsl bayram ab-havası yaşanır.
KONKRET.az xəbər verir ki, şanlı qələbənin şərəfinə elan edilən Zəfər Günü münasibəti ilə “Qayalı” marketlər şəbəkəsi də tədbir keçirib. Şəbəkənin Sumqayıt şəhərində yerləşən “Gold Qayalı” ticarət mərkəzindən start götürən tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Şəhid plakatlarının əks olunduğu, əməkdaşlarının hərbi forma geyindiyi, Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı ticarət mərkəzində alış-veriş edən insanlar böyük bir Zəfər əhval-ruhiyyəsi yaşayıblar.
Qeyd edək ki, marketlər şəbəkəsinin əməkdaşları Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edərək orada uyuyan qəhrəmanlarımızın məzarı önünə gül dəstələri düzüblər. Həmçinin “Qalib Əsgər” abidəsi önünə çələng qoyublar.
“Qayalı” marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri İlkin Şirinov başda Ali Baş Komandan İlham Əliyev olmaqla bu Şanlı Zəfəri bizə yaşadan qazilərimizə və müharibə veteranlarımıza öz təşəkkürünü bildirib. Şəhidlərimizə isə Allahdan rəhmət diləyib. Təmsil etdiyi şəbəkənin bütün əlamətdar günləri qeyd etdiyini açıqlayıb.
Məlumat üçün bildirək ki, “Qayalı” marketlər şəbəkəsinin digər bölgələrdə yerləşən mağazalarında, o cümlədən Şamaxı şəhərində fəaliyyət göstərən ticarət mərkəzində də Zəfər Günü böyük coşğu ilə qeyd olunub. Belə ki, 55 şəhid ailəsinə bayram hədiyyəsi çatdırılıb və onların ruhuna ehsan sufrəsi təşkil edilib. Onu da qeyd edək ki, “Qayalı” marketlər şəbəkəsinin əməkdaşları arasında da Vətən müharibəsi iştirakçıları kifayət qədərdir.
Müşviq Tofiqoğlu,
KONKRET.az









