Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlının sədri olduğu Təşəbbüs qrupu BAO-nun (Bütöv Azərbaycan Ocakları) təşkilatçılığı ilə keçirilən bir video-konfransda Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasını elan edib.
KONKRET.az-ın xəbərinə görə, Qafar Çaxmaqlı deyib ki, uzun illər Azərbaycan və Türkiyə ictimaiyyətinin gündəmində olan bu ideyanı gerçəkləşdirmək üçün bu dəfə qərarlı addım atıldı. Dünən Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasını elan etdik. O əlavə edib ki, öncə bu respublikanın MİLLİ ŞURASI fəaliyyətə keçəcək. Daha sonrakı mərhələdə respublikanın Milli Məclisi seçiləcək və hökumət formalaşdırılacaq.
“Tarix bu addımın atılmasında nə qədər haqlı olduğumuzu ortaya qoyur. Uzun əsrlər boyu daimi yaşayış məskənimiz olan Qərbi Azərbaycanda bizim milli dövlətimiz olmayıb, bu dövlətin hakimiyyəti altında yaşayan digər xalqlar ədalətlə idarə edilib, onların milli-mədəni inkişafı təmin edilib, heç zaman milli və dini ayrı-seçkiliyə yol verilməyib. Mənimlə razılaşarsınız ki, Azərbaycan dövlətçiliyinin varislərindən olan İrəvan xanlığı çox da uzaq tarix deyildir. Rusiya İrəvanı işğal edərək buradakı dövlətçiliyimizə son verib.
Bu cəhət nəzərə alınmalıdır ki, 1918-ci ildə Azərbaycan hökuməti İrəvanı ermənilərə müəyyən şərtlərlə vermişdi. Ermənilər bu şərtlərə razılıq versələr də, sonradan onları pozublar. Zəngəzur və Dağlıq Qarabağ iddialarından əl çəkməyiblər. Onun biri Ermənistan deyilən dövlətə birləşdirilib, digəri isə hal-hazırda işğal altındadır.
Azərbaycan torpaqlarında yaradılan bu qondarma dövlətin ərazilərinə sonradan SSRİ rəhbərliyinin göstərdiyi “qayğı” nəticəsində bizim torpaqlardan əlavə “pay” torpaqlar qatılmaqla, Ermənistanın ərazisi 9 min kv. km-dən 29 min kv-km-ə çatdırılıb. Bunun ardınca da Azərbaycan türklərinin bu ərazilərdən müxtəlif bəhanələrlə və basqılarla köç etdirilmə siyasəti davam etdirilib. Bu, dövlət səviyyəsində aparılıb. Onlardan bir örnək 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin qərarıdır.
“Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərara və çoxsaylı sənədlərə əsaslanaraq deyə bilərik ki, indiki Ermənistan bizim tarixi vətənimizdir və burada bir dövlət quramağa haqqımız çatır.
Qafar Çaxmaqlı vurğulayıb ki, Azərbaycana qarşı daim ərazi iddiaları irəli sürən və torpaqlarımızn bir hissəsini üçüncü onillikdir ki, işğal altında saxlayan Ermənistandan dədə – baba torpaqlarımızı, 1918-ci ildə müvəqqəti olaraq verdiyimiz İrəvan şəhərini, Zəngibasarı, Göyçəni, Zəngəzuru, Gümrünü, Dərələyəzi və digər tarixi ərazilərimizi geri tələb etməyin vaxtı çatıb. Biz bir qrup Qərbi Azərbaycan kökənli ziyalılar bu məqsədləri reallaşdırmaq və bu yerin insanlarının haqq və hüquqlarını müdafiə etmək üçün Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasını elan edirik.
AzSABAH.COM

Gerçək olsin