“Qırğızıstanda artıq rus dilinə və ruslara yer yoxdur” – Japarovu Yanukoviçin aqibəti gözləyir? – ƏTRAFLIbackend

“Qırğızıstanda artıq rus dilinə və ruslara yer yoxdur” – Japarovu Yanukoviçin aqibəti gözləyir? - ƏTRAFLI

Qazaxıstanda olduğu kimi, Qırğızıstanda da artıq ruslaşma prosesinə son qoyulur. Bu proses əvvəlcə dekommunizasiya (kommunizimsizləşdirmə) adı altında gizlədilsə də, indi məqsəd açıq şəkildə elan olunur. Belə ki, respublikada yalnız qırğız adlarından istifadə olmalıdır. Üstəlik, bu qərar birbaşa Bişkekdən verilib.

KONKRET.az xəbər verir ki, bütün bu hadisələr Rus beyin mərkəzləri tərəfindən diqqətlə izlənilir və analiz edilir. Onların gəldiyi qənaət isə budur ki, Orta Asiya ölkələrində baş qaldıran rusofobiyanın nəticələri yerli hakimiyyətlər üçün olduqca pis nəticələnə bilər.

Qeyd edək ki, Qırğızıstanda ad dəyişmə proseduru paytaxtdan başlayıb. Bunu hansısa bələdiyyə sədri, informasiya və ideoloji siyasətə cavabdeh olan nazirlərdən kimsə deyil,  birbaşa ölkə parlamentinin spikeri Nurlanbek Şakiyev elan edib. O, Bişkekin 4 rayonunun adının təcili dəyişdirilməsini istəyib. Söhbət Sverdlovski, Pervomayski, Oktyabrski və Leninski rayonlarından gedir. Bu köhnə adlar ölkədə dövlət dilinin inkişafı naminə yığışdırılmalıdır. Çünki bu adlar müasir dövrlə uyğunlaşmır və rus adlarıdır. Əslində isə bu qərar bütün respublikada rus və sovet adlarının kütləvi şəkildə dəyişdirilməsi üçün dövlət kampaniyasının elanı deməkdir. Belə ki, Bişkekdə atılan bu addımın bütün ölkəyə yayılması planlaşdırılır.

De-Rusiyalaşma prosesinin təşəbbüskarı olan Nurlanbek Şakiyevin özü də təsadüfi persona deyil. O, Prezident Sadır Japarovun administrasiyasına yaxınlığı ilə tanınır. Şakiyev həm də Qırğızıstan parlamentində Ata-Jurt fraksiyasının rəhbəridir. Ölkədəki ən böyük fraksiya prezidentyönlü hesab olunur, onun göstərişlərini dəstəkləyir və həyata keçirir. Qeyd edək ki, Şakiyev və Japarov vaxtilə 2010-cu ildə devrilmiş prezident Kurmanbek Bakiyevə yaxın şəxslərdən olublar.

Bütövlükdə parlament sədrinin belə demarşı heç də təsadüfi deyil.  Belə ki, 2020-ci ilin oktyabr çevrilişindən dərhal sonra bir sıra məmurlar və yeni təyin olunan baş prokuror, prezident Sadır Japarovla birlikdə bütün sualları yalnız qırğız dilində cavablandırıb. Rus dilində verilən suallara isə məhəl qoyulmayıb. Qırğızıstan parlamenti rəhbərinin mahiyyətcə rusofob hərəkətləri isə həm Moskva, həm də onun qonşuları üçün bir siqnaldır. Bu addım elitanın daha böyük müstəqillik əldə etdiyini və millətçi və pantürkist siyasətə başlamaq əzmində olduğunu sübuta yetirir. Görünən odur ki, Ankaranın himayəsində olan Türk Dövlətləri Təşkilatının liderlərinin yaxın gələcəkdə vahid türk əlifbasına keçidlə bağlı qərarları məhz Bişkekdə veriləcək.

Görünür respublika həm subsidiyalar, sərmayələr və kreditlər sahəsində, həm də əhəmiyyətli dərəcədə iqtisadi cəhətdən Rusiyadan asılı olsa da, Qırğızıstanda artıq rus dilinə və ruslara yer yoxdur.  Ancaq qeyd etmək lazımdır ki, bu dəfə Rusiya Dövlət Dumasının deputatları məsələyə vaxtında və düzgün reaksiya veriblər. Belə ki, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Svetlana Jurova bunu “rus dilini son nəticədə tamamilə sıxışdırmaq üçün atılan ilk kiçik addım” adlandırıb. Onun fikrincə, Rusiya rəhbərliyi cavab verməyə və Bişkekə bu planlardan əl çəkməyi təklif etməyə borcludur:

“Bu, şübhəsiz ki, Qırğızıstanda yaşayan rus xalqının hüquqlarını pozacaq. Beləliklə, əlaqəmiz itəcək. Sonra növbəti mərhələ – məktəblər və digər subyektlər olacaq. Beləliklə Gürcüstanda olduğu kimi Qırğızıstanda da gənclər rus dilini bilməyəcək” – deyə deputat öz bəyanatında vurğulayıb.

Bundan başqa, o, hazırda Qırğızıstanda baş verənləri Ukraynadakı hadisələrlə müqayisə edib. Bildirib ki, Ukraynada da dövlət dilinin qorunması adı altında küçə və qəsəbələrin adlarının dəyişdirilməsinə başlanıldı, daha sonra abidələr söküldü, ruslara və rusdillilərə qarşı təqiblərə start verildi:

“Yeri gəlmişkən, narahat olmaq üçün əsas var. Ukraynada başladılan kampaniya Qazaxıstana və indi də Qırğızıstana ötürülüb. Bu, respublikanı və əslində bütün Orta Asiyanı Rusiyadan, ümumi sosial-mədəni və informasiya məkanından ayırmaq deməkdir” – Svetlana Jurova bildirib.

Qeyd edək ki, qərbyönlü ictimai xadim Burulkan Usmanəliyevanın rəhbərliyi ilə Bişkekdə yerli “dil patrulları” da fəaliyyətə başlayıb. Rus beyin mərkəzlərinin qənaətinə görə, özünü politoloq kimi təqdim edən bu şəxsi araşdırdıqda, onun ABŞ-da mübadilə proqramı ilə təhsil aldığı məlum olur. Bundan sonra o, karyerasında sürətlə böyüyüb və Budapeştdəki Mərkəzi Avropa Universitetində – Corc Sorosun qütbündə beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi alıb. Sonra o, Bişkekin nüfuzlu universitetlərində sərbəst şəkildə bu elmləri tədris edib. İndi o, birdən-birə rus müstəmləkəçiliyinin təsirindən qırğız dilinin və yerli kimliyin “müdafiəçisi”nə çevrilib. Hesab edirik ki, hakim elitadakı qərbyönlü milli-liberal qruplar, o cümlədən Qazaxıstan və Qırğızıstan millətçiləri ilə neonasistləri arasında münasibət var. Qırğızıstan nasistləri həm də “Meydan”da hazırlanmış “hərəkətli patrulların” ümumi sxeminə və vahid texnologiyasına uyğun olaraq qarşılıqlı əlaqə qurmağa, təcrübə öyrənməyə və qazax həmkarlarını təqlid etməyə çalışırlar. Onların hərəkətlərinin ümumi koordinasiyası var. Bu addımlar bir çox hallarda iki ölkənin yüksək rütbəli məmurlarının icazəsi və hətta rəhbərliyi altında atılır. Çox güman ki, onların fəaliyyətinə xüsusi xidmət orqanları nəzarət edir və həm Qazaxıstan, həm də Qırğızıstan Respublikasında özünü tamamilə cəzasız hiss edən yerli qərbyönlü QHT və fondlardan ilhamlanır. Yuxarıdan dəstək və maraqlı oliqarxların maliyyəsi olmadan bu cür fəaliyyətlər mümkün deyil.

Yəni Qərb kəşfiyyat xidmətləri, Qərb QHT və fondları birgə hərəkət edir.  Onlar Stalin repressiyaları mövzusunu qızışdırır, Ukrayna, Qazax və Qırğızıstan nasistlərini, həmçinin maliyyə ayıran qərbyönlü oliqarxları bu işə qarışdırırlar. Hazırda Yanukoviç dövrünün vəziyyəti təkrarlanır. Amma bildiyiniz kimi, Yanukoviçin aqibəti çox pis oldu. Belə ki, qərbyönümlü oliqarx qruplar kütləvi neonasist hərəkatına arxalanaraq hakimiyyəti ələ keçirdilər. Hakimiyyəti isə yenidən bölüşdürdülər. Sadır Japarov başa düşmür ki, milli təmayüllü silahdaşlarının məsləhətinə əməl etsə, o da Yanukoviçin taleyini təkrarlayacaq? – rus beyin mərkəzlərinin hazırladığı hesabatda deyilir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*