“Qisas 44” kitabının təqdimatı keçirildi – FOTOLARbackend

"Qisas 44" kitabının təqdimatı keçirildi - FOTOLAR

Noyabrın 25-də şəhid mayor Vüsal Vəliyevin xatirəsinə həsr olunmuş “Qisas 44” adlı kitabın təqdimatı keçirilib.

KONKRET.az-ın xəbərinə görə, kitabda mayor Vüsal Vəliyevin həyatı və döyüş yolundan bəhs edilir, ailə üzvlərinin, döyüş yoldaşlarının xatirələri, haqqında yazılmış poemalar, məqalələr, şeirlər və mahnı sözləri yer alır.

Tədbirdə ailə üzvləri çıxış edərək, şəhidin həyatı və keçdiyi qəhrəmanlıq yolu haqqında geniş məlumat veriblər. Bildirilib ki, Vüsal Vəliyev 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində anadan olub. 1994-2002-ci illərdə kənd orta məktəbində, 2002-2005-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2005-2009-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsilini davam etdirib.

2009-cu ildən “leytenant” hərbi rütbəsində Beyləqan rayonunda xidmətə başlayıb. Tank əleyhinə taqımın komandiri, motoatıcı taqım komandiri, motoatıcı taborun qərargah bölüyünün komandiri, motoatıcı bölüyün komandiri, tank əleyhinə bölüyün komandiri, motoatıcı taborun qərargah rəisi, tabor komandirinin müavini, motoatıcı taborun komandiri vəzifələrində Beyləqan, Füzuli, Ağdam, Tərtər, Tovuz, Qazax və Göygöl-Murovdağda xidmət edib, “mayor” hərbi rütbəsinədək yüksəlib.

Xidmət etdiyi müddətdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1928-2013) Yubiley medalı”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Yubiley Medalı”, “10 il Qüsursuz xidmətlərə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.

O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ-Kəlbəcər istiqamətindən döyüşə başlazıb, Şuşanın azadlığı uğrunda gedən döyüşlərədək savaşıb, noyabrın 9-da şəhidlik zirvəsinə ucalıb.

Hərbi hissə qarşısında qoyulmuş bütün tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, döyüşdə şücaət və igidlik göstərdiyi üçün mayor Vüsal Vəliyev ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.

Qeyd edək ki, təqdimat mərasimində millət vəkilləri, QHT rəhbərləri, media nümayəndələri, ziyalılar, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ictimai xadimlər, hərbçilər, şəhidin sinif və kursant yoldaşları iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*