Qızıl almaq istəyənlərin nəzərinə – Qiymətlər dəyişəcəkbackend

Qızıl almaq istəyənlərin nəzərinə - Qiymətlər dəyişəcək

Beynəlxalq maliyyə bazarlarında son günlər qızılın qiymətində müəyyən ucuzlaşma müşahidə olunsa da, ümumi mənzərə fərqlidir. Belə ki, ilin əvvəlindən etibarən qızılın unsiya qiyməti əhəmiyyətli dərəcədə artaraq təxminən 8-12% yüksəlib. Hazırda bazarda qeydə alınan 1-3%-lik eniş isə ekspertlər tərəfindən daha çox qısa müddətli korreksiya kimi qiymətləndirilir və bu, uzunmüddətli yüksəliş trendini hələ ki dəyişmir.

KONKRET.az xəbər verir ki, demokrat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, qızıl bazarındakı volatilliyi şərh etmək kifayət qədər çətindir:

“Çünki bu dəyişkənlik klassik iqtisadi amillərlə deyil, əsasən geosiyasi faktorlarla bağlıdır. Qiymətlər gah yüksəlir, gah da enir və bu proses birbaşa olaraq dünyada baş verən gərginliklərlə əlaqəlidir. Müşahidələr göstərir ki, müharibə və geosiyasi gərginlik artdığı zaman qızılın qiyməti gözlənilənin əksinə olaraq bəzən aşağı düşür. Bunun əsas səbəbi isə ərəb, xüsusilə də körfəz ölkələrinin davranışıdır. Qızıl ehtiyatları zəngin olan bu ölkələr belə dövrlərdə bazara daha çox qızıl çıxararaq aktivlərinin bir hissəsini nağd pula çevirirlər”.

O qeyd edib ki, nəticədə bazarda təklif artır və qiymətlərə təzyiq yaranır:

“Ənənəvi olaraq müharibə dövrlərində bahalaşan qızılın bu dəfə ucuzlaşması bazarda qeyri-adi vəziyyət yaradıb. Hazırda isə əks proses müşahidə olunur. Sülh danışıqları və mümkün razılaşmalar gündəmə gəldikcə qızılın qiymətində artım baş verir. Çünki bu zaman körfəz ölkələri yenidən qızıl alımına başlayırlar. Belə bir dəyişkən və qeyri-sabit bazarda qısamüddətli proqnoz vermək olduqca çətindir. Lakin bir məqam aydındır: geosiyasi gərginlik qızıl bazarına ciddi təsir göstərir. Əgər körfəz regionunda sabitlik yaranarsa, xüsusilə, İran ilə ABŞ arasında yaxınlaşma baş verərsə, yaxın həftələrdə qızılın bir unsiyasının qiymətinin 5000 dollara çatması ehtimalı istisna deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*