QMİ Məhərrəm ayı ilə bağlı müraciət yaydıbackend

QMİ Məhərrəm ayı ilə bağlı müraciət yaydı

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar müraciət yayıb.

KOKNRET.az xəbər verir ki, müraciətdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə, hicri-qəməri təqvimi ilə 1445-cü il başa çatdığı bildirilib.

“Yeni 1446-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2024-cü il iyul ayının 7-nə, Aşura günü isə iyul ayının 16-na təsadüf edir.

Əsrlər boyu Azərbaycan xalqının yaddaşında iz qoyan Məhərrəm ayının Aşura günü – Peyğəmbərimiz Məhəmməd (s.a.s.) əziz nəvəsi İmam Hüseyn əleyhissalamın ailəsi və səhabələri ilə birlikdə haqsızlığa və zülmə qarşı mübarizədə şəhadətə yetişməsi tarixdə fədakarlıq salnaməsi kimi dəyərləndirilir. Kərbəla şəhidləri İslamın “yaxşılığa dəvət və pislikdən çəkindirmə” məfkurəsini bütün ümmət üçün örnək nümunəyə çevirmiş, din, Vətən, torpaq, ailə şərəfi və müqəddəs amallar uğrunda şəhadətin mükəmməl əxlaq nümunəsini yaratmışlar”, – deyə vurğulanıb.

Qeyd edilib ki, son illər məhərrəmlik dönəmində dindarları islama yad əməllərdən və xurafatdan çəkindirən əsas tədbirlərdən biri – Kərbəla şəhidlərinin xatirəsinə qanvermə aksiyası müqəddəs dinimizə layiq olan ən münasib əzadarlıq nümunəsi kimi bilavasitə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə reallaşan və xalq tərəfindən təqdir edilən hadisədir:

“Qazılar Şurası olaraq dindarlarımıza xatırlatmaq istərdik ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, AR “Dini etiqad azadlığı haqqında” Dövlət Qanununun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, ictimai asayişin pozulmasına Azərbaycan qanunlarına əsasən icazə verilmir. Özəlliklə, son zamanlar koronavirusun yenilənmə təhlükəsini nəzərə alaraq məhərrəmlik ayının ayinləri tibbi-profilaktik qaydalara uyğun olmalıdır. Bölgələrdəki din xadimlərinin qeyd olunan tövsiyələri dindarlara çatdırmaları vacibdir. Qazılar və səlahiyyətli nümayəndələr öz bölgə məscidlərində görülən tədbirlər barədə tam hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər.

Məhərrəmlik dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın əziz xatirəsini yad etməklə şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləmək bizim vəfa borcumuzdur. Allah dərgahında imanın, mənəviyyatın ən yüksək məqamına yüksələn şəhidlərə, o cümlədən, Kərbəla və Vətən şəhidlərimizə rəhmət, qazilərimizə şəfaət, xalqımıza səadət və tərəqqi diləyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*