Qondarma rejimin qondarma Xarici İşlər naziri Masis Mayilyanın başçılıq etdiyi nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarının paytaxtına işgüzar səfəri başlayıb. Nümayəndə heyətinə “ölkənin” Milli Məclisinin Xarici Əlaqələr Komitəsi sədrinin müavini David Melkumyan da daxildir.
Səfər zamanı Masis Mayilyan ABŞ Konqresində “ölkənin” müstəqilliyinə həsr olunmuş tədbirdə əsas məruzəçi kimi çıxış edəcək. ABŞ Konqresinin əsas komitə sədrləri və üzvləri ilə görüşlər, həmçinin Vaşinqtondakı nüfuzlu beyin mərkəzlərində çıxışlar planlaşdırılır. Xarici işlər naziri, həmçinin erməni diaspor təşkilatlarının nümayəndələri ilə də görüşəcək.
Dünən nümayəndə heyəti Ermənistan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Varujan Nersisyanla və səfirliyin diplomatik korpusunun üzvləri ilə görüşüb. Görüşdə qondarma rejimin ABŞ-dakı daimi nümayəndəsi Robert Avetisyan da iştirak edib.
Xarici İşlər Naziri “ölkənin” xarici siyasət prioritetlərini və nazirliyin fəaliyyət istiqamətlərini, xüsusən də “ölkənin” beynəlxalq səviyyədə tanınmasına və xarici əlaqələrin genişləndirilməsinə yönəldilmiş tədbirləri təqdim edib. Bu konteksdə Masis Mayilyan ABŞ ilə müxtəlif səviyyələrdə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Sonda Xarici İşlər Nazirliyinin “başçısı” iclas iştirakçılarının suallarını cavablandırıb.
