Gürcüstanın paytaxtında silahlı insident baş verib.
KONKRET.az Sputnik-ə istinadən xəbər verir ki, həyətdə oynayan uşaqlara əsəbiləşən kişi onlara ov silahından atəş açıb.
Hazırda patrul polisi və xüsusi təyinatlılar Tbilisinin Varketili rayonuna səfərbər edilib. Silahlı şəxsin saxlanılması üçün əməliyyat hazırlanır.
“O, silahlıdır və ehtimal ki, içkili vəziyyətdədir. Şübhəli yaşayış binasının birinci mərtəbəsində gizlənib. Oradan bir neçə dəfə hədəfləmədən atəş açıb. Hadisə yerinə polis səfərbər edilib, vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün iş aparılır. Silahlı şəxslə danışıqlar aparılır”, – deyə patrul polisinin rəhbəri Vaja Siradze hadisə barədə məlumat verib.
Ərazidə yaşayan sakinlər isə bildiriblər ki, kişi həyətdə oynayan uşaqları qorxutmaq üçün onlara bir neçə dəfə atəş açıb. O, ovçudur və evində qeydiyyatdan keçmiş silahı var.
