Pensiyaların nominal məbləğinin artırılması vətəndaşların gəlirlərinin yüksəlməsi kimi qiymətləndirilsə də, inflyasiya, xüsusilə ərzaq, dərman və kommunal xidmətlər üzrə qiymət artımları bu artımın real təsirini azalda bilər. Belə vəziyyətdə pensiyaçının əldə etdiyi vəsait əvvəlki dövrlə müqayisədə daha az məhsul və xidmət almağa kifayət edir.
Bəs pensiyaların 10 faiz artırılması inflyasiya fonunda vətəndaşların faktiki alıcılıq qabiliyyətinə necə təsir göstərir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, Azərbaycanda pensiyaların artırılması zamanı yalnız ümumi inflyasiya göstəricisinin əsas götürülməsi pensiyaçılar üçün tam adekvat yanaşma hesab edilə bilməz.

Onun sözlərinə görə, Azərbaycanda rəsmi statistikaya əsasən illik inflyasiya 6,8 faiz səviyyəsindədir. Bu göstərici əvvəlki illə müqayisədə təxminən 0,3 faiz bəndi çoxdur. İqtisadçı qeyd edib ki, hər ilin sonunda növbəti il üçün inflyasiya proqnozları Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən müvafiq hesablamalar əsasında müəyyən edilir.
“2026-cı il üçün nəzərdə tutulan inflyasiya proqnozu təxminən 6–6,5 faiz səviyyəsində idi. Bu proqnozlar nəzərə alınmaqla ölkədə pensiyaların cari il üzrə artımı həyata keçirilir. 2026-cı ilin əvvəlində Azərbaycanda əmək pensiyaları və digər pensiya ödənişlərində 10 faizlik artım müşahidə olundu”, – deyə R.Abbasbəyli bildirib.
İqtisadçı hesab edir ki, real bazar vəziyyəti ilə rəsmi inflyasiya göstəriciləri arasında fərq pensiyaçıların alıcılıq qabiliyyətinə ciddi təsir göstərə bilər:
“Reallıq ondan ibarətdir ki, Azərbaycanda faktiki inflyasiya son iki ildə iki rəqəmli səviyyələrə qədər yüksəlib. Əmək bazarında və ərzaq sektorunda qiymət artımları müşahidə olunur. Bu ilin yanvar–iyun aylarında bəzi ərzaq məhsullarının qiymətində 17 faizə qədər bahalaşma qeydə alınıb. Ümumilikdə isə rəsmi statistikaya görə, ərzaq bazarında qiymət artımı 15 faizdən çoxdur”.
R.Abbasbəylinin sözlərinə görə, xüsusilə pensiyaçıların xərclərində mühüm yer tutan dərman və tibbi xidmətlərin bahalaşması onların real gəlirlərinə əlavə təzyiq yaradır. Onun sözlərinə görə, dərman bazarında qiymət artımı 20 faizə yaxınlaşır.
“Pensiya yaşında olan insanların tibbi təminata ehtiyacı daha çoxdur. Ərzaq və dərman xərcləri artır, lakin gəlirlər bu artımı kompensasiya etmirsə, pensiyaçıların alıcılıq qabiliyyəti aşağı düşür. Buna görə də Azərbaycanda pensiyaçılar üçün minimum təminat həddi müəyyən edilərkən ərzaq və dərman bazarında qiymət dəyişiklikləri, eləcə də inflyasiya səviyyəsi nəzərə alınmalıdır”, – deyə ekspert vurğulayıb.
İqtisadçı hesab edir ki, pensiyaların indeksləşdirilməsi zamanı yalnız ümumi inflyasiya göstəricisinə əsaslanmaq əvəzinə, yaşlı insanların əsas xərcləri ayrıca qiymətləndirilməlidir. Onun fikrincə, burada ən azı üç əsas istiqamət – ərzaq, dərman və tibbi xidmətlər, həmçinin istirahət xərcləri nəzərə alınmalıdır.
“Əgər bu üç istiqamət üzrə illik qiymət artımlarına baxsaq, 20–30 faizlik bahalaşmanın formalaşdığını görürük. Məhz bu kriteriyalar üzrə inflyasiya göstəricisi müəyyənləşdirilməli və pensiyaların artımı da buna uyğun həyata keçirilməlidir”, – R.Abbasbəyli qeyd edib.
Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə pensiyaçılar üçün sosial təminat mexanizmlərində onların spesifik xərcləri də nəzərə alınır və bəzi hallarda ödənişlər il ərzində bir neçə dəfə yenilənir.
“Azərbaycanda bu istiqamətdə yanaşma təcrübəsi geniş yayılmayıb. Burada əsasən ümumi inflyasiya səviyyəsi əsas götürülür və artımlar həmin göstəriciyə uyğun həyata keçirilir. Lakin bu, pensiyaçılar üçün tam ədalətli yanaşma deyil”, – deyə ekspert bildirib.
Beləliklə, pensiyanın nominal olaraq 10 faiz artırılması avtomatik olaraq vətəndaşın real gəlirinin də 10 faiz yüksəlməsi demək deyil. Əgər həmin dövrdə pensiyaçının əsas xərcləri, xüsusilə ərzaq və dərman qiymətləri daha yüksək templə artırsa, nominal artım real alıcılıq qabiliyyətində ciddi yüksəliş yaratmaya, hətta müəyyən hallarda onun azalmasına səbəb ola bilər.
Aynurə İsmayıl
KONKRET.az
