Rusiya Ukraynada Amerikanın HIMARS raket kompleksi ilə mübarizə aparmağın yolunu tapıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna rəhbərliyi Rusiyanın nəzarətində olan Donbassı, eləcə də Krım yarımadasını qaytarmaq niyyətində olduğunu bəyan edir. Amerikalı analitik Maykl Hanlonun sözlərinə görə, hərbi baxımdan Kiyevin səsləndirdiyi fikirlər perspektivsizdir. Ən pisi isə odur ki, Birləşmiş Ştatlar da oxşar fikirlərə malikdir və Ukrayna rejiminə silah tədarükünü davam etdirməyə hazırdır.
Bu barədə The National Interest məlumat yayıb. Amerika nəşrində dərc edilən məqalədə bildirilir ki, Rusiya ordusu elektron müharibədən fəal şəkildə istifadə edir və Ukraynaya məxsus hərbi texnikanı sıxışdırır. Həmçinin pilotsuz uçuş aparatlarını vuraraq Ukraynanın kəşfiyyat aparma qabiliyyətinə mane olur. Bu halda isə “HIMARS” istənilən effekti verməyəcək. Bundan əlavə, Rusiya ordusu öz obyektlərini və təchizat anbarlarını kamuflyaj etmək üçün yeni üsullardan istifadə edəcək.
Qərb silahlarının Ukraynaya çatdırılması yalnız dörd aydır davam edən böhranı uzadır. Maykl Hanlon hesab edir ki, böhranın həlli üçün yeni silahlardan yox, bəzi regionlarda referendumların keçirilməsinə səbəb olacaq yaradıcı diplomatik düşüncədən istifadə etmək lazımdır.
Müşviq Tofiqoğlu,
KONKRET.az
