Rusiya, Azərbaycan, Ermənistan və İran elektrik şəbəkələrini birləşdirir: Bakının çıxarı nə olacaq? – ƏTRAFLIbackend

Rusiya, Azərbaycan, Ermənistan və İran elektrik şəbəkələrini birləşdirir: Bakının çıxarı nə olacaq? - ƏTRAFLI

Yaxın vaxtlarda İran, Ermənistan, Azərbaycan və Rusiya elektrik şəbəkələrinin ümumi sinxronlaşdırılması üçün texniki tədbirlər həyata keçiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə İranın Energetika naziri Əli Əkbər Mehrabian 22-ci Beynəlxalq Elektrik Sənayesi Sərgisinin açılış mərasimində bildirib. O qeyd edib ki, Rusiya və İranın elektrik şəbəkələrinin ilkin sinxronizasiyası artıq başa çatıb.

Mehrabianın sözlərinə görə, qonşu ölkələrlə elektrik enerjisi barteri məsələsi də müzakirə olunur: “İranın elektrik enerjisinə ehtiyacı olanda onu müxtəlif ölkələrdən, o cümlədən Azərbaycan, Ermənistan və Türkmənistandan idxal edə bilər. İranın artıqlığı olduqda isə bunu enerjiyə ehtiyacı olan ölkələrə ixrac etməsi mümkündür”, – nazir deyib. “Elektrik şəbəkələrinin sinxronlaşdırılması İranın enerji sisteminin sabitləşməsinə kömək edəcək” – deyə Mehrabian sazişin əhəmiyyətini izah edib.

İranın enerji mübadiləsi sahəsində böyük potensialı var. Əvvəllər Tehran bu potensialdan infrastruktura sərmayənin olmaması səbəbindən çox istifadə edə bilmirdi. Baxmayaraq ki, İran uzun müddətdir regional güc mərkəzi olmaq arzusundan danışır, lakin bu istiqamətdə addımlar yalnız son illərdə atılıb. Bu günə kimi İranın elektrik şəbəkəsi artıq Ermənistan, Türkmənistan, Əfqanıstan, İraq və Pakistanla birləşdirilib. Bir il əvvəl İran öz elektrik şəbəkəsini Azərbaycan və Rusiyanın elektrik şəbəkələri ilə sinxronlaşdırmağa hazır olduğunu açıqlayıb. Bu il isə İran Qətərlə elektrik şəbəkələrini birləşdirməyə razılaşıb.

Rusiya üçün də Xəzər regionunda elektrik enerjisi mübadiləsi məsələsi aktualdır. Bu ilin oktyabrında “Rosseti” və “Azərenerji” iki ölkənin elektrik şəbəkəsi infrastrukturunun istismarı və inkişafı sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər. İran, Rusiya, Gürcüstan, Azərbaycan və Ermənistanın elektrik şəbəkələrinin birləşdirilməsi məsələsi hələ 2015-ci və 2016-cı illərdə qaldırılıb. Rəsmi Bakı daha sonra İrəvanın mövqeyinə görə danışıqlarda iştirakdan imtina edib. Azərbaycan 44 günlük müharibədə qələbə çaldıqdan sonra vəziyyət dəyişib. Moskva ilə Tehran arasında enerji mübadiləsinin mümkünlüyü də uzun illərdir ki, müzakirə olunur. İran və Ermənistan artıq elektrik xətləri ilə bir-birinə bağlıdır, lakin ölkələr arasında enerji mübadiləsi “elektrik enerjisi müqabilində qaz” sxeminə əsasən qurulur. Bu ay elektrik enerjisi müqabilində İrana qaz tədarükü ilə bağlı müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb.

Şəbəkələrin qarşılıqlı əlaqəsi ümumi praktikadır və adətən təkcə ölkələrin enerji sistemlərini stabilləşdirmir, həm də daha çox gəlir əldə edir və istehlakçı ehtiyaclarını daha yaxşı qarşılayır. Nəzərə almaq lazımdır ki, Rusiyada elektrik enerjisinə tələbatın pik həddi qışda, İranda isə istilər fonunda kondisionerlərin və ventilyasiya sistemlərinin işləməsi səbəbindən yayda baş verir.

Qeyd etmək lazımdır ki, elektrik şəbəkələrinin sinxronlaşdırılması nəticəsində Azərbaycan regional enerji qovşağı kimi rolunu artıracaq. Bakı hər zaman enerji sektorunun inkişafına böyük önəm verib. Ötən il Azərbaycandan elektrik enerjisi ixracı 1,6 milyard kilovatsaat təşkil edib ki, bu da 2020-ci ilin göstəricisinin təxminən yarısı deməkdir. 2025-ci ilə qədər azad edilmiş ərazilərdə Xudafərin SES və ümumi gücü 280 MVt olan “Qız Qalası” SES-in tikintisi başa çatdırılacaq və Azərbaycan bu layihədə İranla əməkdaşlıq edir. Bundan əlavə, hazırda Zəngəzur dəhlizinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün Naxçıvana elektrik verilişi xətti çəkilir. Avropa İttifaqında elektrik enerjisinin qiymətinin kəskin artması fonunda Azərbaycan da Türkiyənin enerji sistemi vasitəsilə Avropanın enerji bazarlarına çıxış əldə etməyi planlaşdırır.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*