Türkiyə Qara dənizdə təhlükəsizliyin təmin olunması ilə bağlı Rusiyaya təkliflər göndərib, lakin hazırda bu məsələ üzrə konkret danışıqlar aparılmır.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Qara dənizdə təhlükəsizliyin təmin olunması məsələsi, Türkiyə və Ukrayna da daxil olmaqla müxtəlif dövlətlər tərəfindən fəal gündəmə gətirilir.
O vurğulayıb ki, Rusiya tərəfinin fikrincə, Qara dəniz akvatoriyasında təhlükəsizliyin təmin olunması kompleks yanaşma tələb edir və bu istiqamətdə görülməli işlərin yalnız bir hissəsini həll etməklə problemi tam aradan qaldırmaq mümkün deyil.
Xatırladaq ki, bundan əvvəl Ankara Moskva və Kiyevə Qara dənizdə gərginliyin azaldılması və gəmiçiliklə bağlı təhlükəsizliyinin təmin olunmasına yönəlmiş təkliflər təqdim edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Qara dənizdə təhlükəsiz gəmiçiliyin və taxıl dəhlizinin bərpası istiqamətində Ankaranın diplomatik səylərinin intensivləşdirildiyini bildirib.
