Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz “yox” deyirbackend

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz “yox” deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər “Tiqranashen” adlandırır-red.) kəndini “erməni yaşayış məntəqəsi” hesab etdiklərini bildiriblər və onun Azərbaycana təhvil verilməsinin əleyhinə çıxıblar. Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Sorğunun nəticələrini “Gallup International” Assosiasiyasının Ermənistan filialının direktoru Aram Navasardyan təqdim edib.

KONKRET.az xəbər verir ki, “sorğuda iştirak edənlərin 59%-i hesab edir ki, Tiqranashen erməni yaşayış məntəqəsidir və Ermənistan hakimiyyətinin onu Azərbaycana təhvil vermək hüququ yoxdur”, – deyə Navasardyan bildirib.

Bundan əlavə, respondentlərin 21%-i Kərkinin strateji əhəmiyyət daşıdığını və onun Azərbaycana verilməsinin Ermənistan üçün təhlükəsizlik riskləri yaratdığını qeyd edib. Navasardyanın sözlərinə görə, respondentlərin yalnız 6,4%-i Kərkinin Ermənistan ərazisi olmadığını və onun Azərbaycana təhvil verilməli olduğunu düşünür. Digər 3,5%-i fərqli fikir bildirib, 10,1%-i isə sualı cavablandırmaqda çətinlik çəkib.

Sorğu sentyabrın 22-dən 24-dək 1000 sakin arasında keçirilib.

Qeyd edək ki, bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan Kərkinin və Qazax rayonunun işğal altındakı kəndlərinin Azərbaycana məxsus olduğunu bildirmişdi, bu ərazilərin Ermənistanın xəritəsinə daxil olmadığını xatırlatmışdı. Paşinyan hətta Kərkini öz adı ilə adlandıraraq qeyd etmişdi ki, əks mövqedə dayanmaq müharibəyə çağırış etməkdir. Bundan sonra revanşistlərin Kərkiyə səfəri təşkil olunmuşdu və parlamentdəki radikalların da iştirakı ilə Kərkidə ağacəkmə kampaniyası keçirilmiş, bu ərazinin qaytarılmasının mümkünsüzlüyü barədə sərsəm açıqlamalar verilmişdi. Sorğunun məhz bundan sonra keçirilməsi də maraqlıdır. Bu rəy həm də erməni ictimai fikrində radikalların artmasından, eyni zamanda gərginliyi körükləmək istəyən xarici qüvvələrin də hərəkətə keçməyindən xəbər verir.
Ermənistanda revanşist meyllərin cəmiyyətin rəyində də əksini tapması təhlükəli perspektivlərdən və yeni toqquşma riskindən xəbər verir. Belə görünür 44 günlük savaş Ermənistana dərs olmayıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*