Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampın Pekinə rəsmi səfərindən cəmi dörd gün sonra Çinə reallaşdırdığı sayca 25-ci yubiley səfəri, qlobal geosiyasi arenada yeni bir güc balansının rəsmiləşdirilməsi kimi qiymətləndirilir. Liderlərin indiyə qədər 40 dəfədən çox görüşməsi və Si Cinpinin Trampla söhbətində Putini Çjunnanhay kompleksinə dəvət edilən azsaylı xarici liderlərdən biri kimi xüsusi vurğulaması, Moskva-Pekin oxunun Qərb mərkəzli beynəlxalq sistemə alternativ kəsb etdiyini göstərir.
Avropa bazarını itirən Rusiyanın strateji enerji resurslarını Çinə yönəltməsi və tərəflərin mehriban qonşuluq, dostluq və əməkdaşlıq müqaviləsinin müddətini uzatması, bu iki nəhəng dövlət arasında formalaşan qarşılıqlı asılılıq modelini daha da sabitləşdirir.
KONKRET.az xəbər verir ki, məsələ haqda nocommentaz-a danışan politoloq Turan Rzayev deyib ki, rəsmi hərbi ittifaq olmasa da, tərəflər Şanxay Əməkdaşlıq Təşkilatı və müxtəlif ikitərəfli formatlarda Qərbin təhlükəsizlik arxitekturasına alternativ regional təhlükəsizlik mexanizmləri formalaşdırmağa çalışırlar: “Təsadüfi deyil ki, Rusiya prezidenti və Çin lideri çoxqütblü dünyanın qurulması ilə bağlı birgə bəyannamə qəbul ediblər. Putin və Si Cinpin arasında Pekində aparılan danışıqlardan sonra ikitərəfli sənədlərin imzalanma mərasimi baş tutub. Görüşün ardınca liderlər Rusiya-Çin münasibətlərinin daha da gücləndirilməsi və dərinləşdirilməsi barədə birgə bəyanat qəbul ediblər. Bununla yanaşı, Putin və Si Cinpin daha bir konseptual sənəd – çoxqütblü dünyanın və yeni tipli beynəlxalq münasibətlərin inkişafı haqqında birgə bəyannamə imzalayıblar”.
Onun sözlərinə görə, Putin-Cinpin xətti qlobal siyasətdə Pekinin yeni bloklaşma meyillərini gücləndirir və bu proses iqtisadi asılılıq üzərində formalaşır: “Əvvəllər də dediyim kimi Çin yeni blok yaradır. Bu blokun təməlləri iqtisadi investisiyalar və bundan doğan siyasi istəklərdir. Pekin üçün Moskva mühimdir. Belə ki, Çin son illərdə Sibir bölgəsinə milyardlarla dollar investisiya yatırıb. Bundan başqa regionun əsas ucuz işçi qüvvəsi yenə çinlilərdir. Pekin həmçinin Moskvanı Arktikaya çıxış kimi görür. Rusiya Çindən daha çox aslıdır. Bu, tədricən ehtimal blok daxilində onun üstünlüyünü qəbul edəcək deməkdir. Digər tərəfdən, ABŞ və Qərb qarşısında Rusiyanı qoruya biləcək yeganə ölkə Çindir”.
