“Rusiya LGBT-yə qadağa qoydu, biz niyə bunu etməməliyik?” – DEPUTATbackend

"Rusiya LGBT-yə qadağa qoydu, biz niyə bunu etməməliyik?" - DEPUTAT

Rusiyanın Ali Məhkəməsi beynəlxalq ictimai LGBT hərəkatını ekstremist təşkilat kimi tanıyıb və ölkəsində fəaliyyətinə qadağa qoyub. Rusiyada LGBT-yə tam qadağa fonunda indi mavi rəngsiz göy qurşağı, hər cür tematik zolaqlar, geyimlərdə döş nişanları, həmçinin, paradlar, yürüşlər, mitinqlər və eyni mövzulu şənliklər qanun pozuntusu hesab olunacaq. Qanunun pozulmasına görə isə 12 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Bəs Azərbaycanda necə, bu qadağa tətbiq edilə bilərmi?

Mövzunu KONKRET.az-a dəyərləndirən Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli Rusiya Ali Məhkəməsi tərəfindən verilən belə bir qərarı alqışladığını bildirib:

“Azərbaycan cəmiyyətində Rusiyaya qarşı nə qədər etinasızlıq olsa da, belə bir addımı alqışlamaq lazımdır. Baxmayaraq ki, Şimal qonşumuz vaxtilə Azərbaycanı işğal edib və torpaqlarımızda Ermənistan dövləti yaradıb. Bu nöqteyi-nəzərdən Azərbaycan cəmiyyətində Rusiyaya qarşı ən azından bir bəyənməzlik var. Buna rəğmən hər halda belə məsələlərdə Rusiya Qərb kimi pis ad qazanmayıb”.

Millət vəkili hesab edir ki, Azərbaycanda da eyni proses həyata keçirilməlidir: “Rusiyada çoxlu türk-müsəlman xalqları yaşayır ki, bu da onların ürəyindəndir. Düşünürəm ki, ölkəmizdə də üzdəniraqların fəaliyyətinə qadağa qoyulmalıdır. Biz də eyni nümunəni tətbiq etməliyik”.

“Maraqlıdır ki, qeyri-müsəlman dövləti bu qanunu qəbul edib, ancaq biz hələ ki bu məsələyə etinasız yanaşırıq. Doğrudur, bizdə belə hallar elə də kütləvi deyil, amma getdikcə artdığını nəzərə almalıyıq. Ona görə də hesab edirəm ki, Azərbaycanda da bu qaydanın tətbiq olunması vacibdir”, – deyə deputat vurğulayıb.

Partiya sədri bildirir ki, bunun üçün gərək Ali Məhkəməyə müraciət edilsin: “Bilirsiniz ki, Rusiyada Ədliyyə Nazirliyinin müraciəti əsasında Ali Məhkəmə bu qərarı qəbul edib. Rusiya Prezidenti də bu təbəqəyə qarşı çox ciddi çıxışlar etmişdi. O, bunu mənəviyyata qarşı terror hadisəsi kimi qiymətləndirmişdi. Ona görə də hesab edirəm ki, biz də LGBT-yə şərait yaradan qanunları nəinki aradan qaldırmalı, əksinə, sərtləşdirməli və ciddi qadağalar tətbiq etməliyik”.

Mərahim Nəsib,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*