Azərbaycan hərbçiləri Xocavənd rayonunun Cütcü kəndi istiqamətində irəliləyərək, neytral ərazidə qazma işləri aparmağa başlayıblar.
KONKRET.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”ın müxbirinə icma rəhbəri Lernik Avanesyan danışıb.
Avanesyan Azərbaycan ordusunun təxminən 1200 metr irəlilədiyini, erməni tərəfinin isə, bu barədə rus sülhməramlılarına məlumat verdiyini vurğulayıb:
“Rus generalı Yeqorov hadisə yerinə gəldi. Danışıqlardan sonra azərbaycanlılar əvvəlki mövqelərinə çəkildilər. Tərəflərin hər biri öz mövqeyində qalır. Kəndlə ən yaxın düşmən postu arasındakı məsafə təxminən iki kilometrdir” – Avanesyan bildirib.
Bundan əlavə Azərbaycan hərbçiləri döyüş postundan, eləcə də Amaras monastır kompleksindən qondarma rejimin bayrağının çıxarılmasını tələb ediblər. Yarana biləcək problemin qarşısını almaq üçün rus sülhməramlıları separatçıların əski parçasını Ermənistan bayrağı ilə əvəzləməyi təklif ediblər.
Avanesyan qeyd edib ki, bayrağın dəyişdirilməsi onun səlahiyyətində deyil.
Müşviq Tofiqoğlu
KONKRET.az

