Rusiya ordusunun Ukraynaya yeni hava zərbələri nəticəsində azı 6 nəfər həlak olub, Kiyevdə mühüm körpülərdən biri zədələnib.
KONKRET.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.
Məlumata görə, Kiyevin Şimal körpüsünə endirilən zərbə nəticəsində yol örtüyü və trolleybus xətləri zədələnib. Bundan sonra körpüdə nəqliyyatın hərəkəti dayandırılıb və şəhərdə ciddi tıxac yaranıb.
Kiyev meri Vitali Kliçko bildirib ki, hücum zamanı iki nəfər yaralanıb. Onlardan biri qısa müddət xəstəxanada müalicə olunub.
Rusiya Müdafiə Nazirliyi zərbənin arxasında Rusiya qüvvələrinin dayandığını təsdiqləyib. Nazirlik körpünün Ukrayna ordusunun qoşun və hərbi yüklərinin daşınması üçün istifadə edildiyini iddia edib.
Bundan başqa, Xarkov və ətraf ərazilərə PUA və idarəolunan bombalarla endirilən zərbələr nəticəsində 5 nəfər ölüb, 40-dan çox insan yaralanıb.
Odessa vilayətində isə mülki yük gəmisinə zərbə endirilib. Liberiya bayrağı altında üzən gəmidə bir dənizçi həlak olub, üç nəfər yaralanıb.
Hücumların təsiri Ukrayna sərhədlərindən də kənara çıxıb. Moldova Prezidenti Maya Sandu bildirib ki, Rusiya raket və PUA-ları ölkənin hava məkanını pozub, beş hava hücumu vasitəsi Moldova hava məkanından keçərək ölkə ərazisində partlayıb.
KONKRET.az
