Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi qeyd edilir.
KONKRET.az xəbər verir ki Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu münasibətilə şəhərin müasir inkişaf yolunu əks etdirən videoçarx hazırlayıb.
Bu gün azadlığına qovuşmuş Cəbrayıl şəhərində genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, şəhərin tarixi siması qorunmaqla müasir və dayanıqlı yaşayış mühitinin formalaşdırılması istiqamətində mühüm layihələr icra olunur.
Cəbrayıl şəhərinin gələcək inkişafı uzunmüddətli şəhərsalma strategiyası əsasında həyata keçirilir. “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyul 2023-cü il tarixli qərarı ilə təsdiq edilib. Baş Plana əsasən, şəhərin planlaşdırılan ərazisi 625 hektar təşkil edir və burada 15 min nəfərin məskunlaşması nəzərdə tutulur. Şəhərdə 143 hektar ərazidə yaşayış zonası, 7 təhsil müəssisəsi və 1 xəstəxananın yaradılması, 45 kilometr uzunluğunda küçə-yol şəbəkəsinin, eləcə də 60 kilometr uzunluğunda piyada və velosiped yollarının salınması planlaşdırılır.
“Böyük Qayıdış” proqramı çərçivəsində Cəbrayıl rayonunda əhalinin doğma yurda qayıdışı da davam edir. Bu günədək Cəbrayıl şəhərinə 680 ailə, yəni 2 947 nəfər köçürülüb. Bərpa olunan Horovlu kəndində 321 ailə (1 326 nəfər), Şükürbəyli kəndində isə 608 ailə (2 809 nəfər) məskunlaşdırılıb. Ümumilikdə, bu günədək Cəbrayıl rayonuna 7 082 nəfərin (1 609 ailə) qayıdışı təmin edilib.
Bütün cəbrayıllıları bu əlamətdar gündə ürəkdən təbrik edir, doğma yurdda xoşbəxtlik və firavanlıq arzulayırıq!
