Rusiya nəinki beynəlxalq, hətta regional səviyyədə təsir gücünü ciddi şəkildə itirəcək – AÇIQLAMAbackend

Rusiya nəinki beynəlxalq, hətta regional səviyyədə təsir gücünü ciddi şəkildə itirəcək – AÇIQLAMA 

İki aydan çoxdur Ukraynada işğalçı müharibə aparan Rusiya tarixin çətin sınağı qarşısındadır. İqtisadi gücü getdikcə zəifləyən şimal qonşumuzun taleyi sual altında qalır. Beynəlxalq ekspertlərin fikrincə, Rusiya Ukraynada müharibəyə başlamaqla öz sonunu gətirmiş oldu. “Blumberq” nəşri yazır ki, Rusiya sanksiyalara görə, son 30 ilin ən güclü iqtisadi çöküşünü yaşaya bilər. Analitiklərin fikrincə, Rusiyanın ümumdaxili məhsulu 12% azalacaq və əgər proqnoz özünü doğruldarsa, bu, SSRİ-nin 1990-cı ildəki çöküşü zamanı yaşanan iqtisadi sarsıntı ilə müqayisə oluna bilər.

Bəs görəsən bu müharibə Rusiyanı hara aparır? SSRİ kimi Rusiyanın da tam çöküşü və parçalanması mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını iqtisadçı ekspert Eldəniz Əmirov cavablandırıb. O bildirib ki, Rusiya nəinki beynəlxalq, hətta regional səviyyədə təsir gücünü ciddi şəkildə itirəcək:

“Avropa İttifaqının və ayrı-ayrı dövlətlərin Rusiyaya ardıcıl olaraq tətbiq etdiyi sanksiyalar paketi təbii olaraq, ölkə iqtisadiyyatını daha çox sıxışdıracaq. Rusiya iqtisadiyyatı dünyada 11-ci yerdə qərarlaşsa da onun ilk iyirmilikdən kənara çıxacağı gözlənilir. Əgər bu proses uzun müddət davam edərsə və Putin öz inadından dönməzsə, Qərb sanksiyalara israrla davam edəcək. İqtisadiyyatın çökməsi fonunda ÜDM-in həcmi azalmaqla yanaşı, ölkədə işsizlik səviyyəsi artacaq. Beləliklə Rusiyanın beynəlxalq qurumlarda təmsilçiliyi də geriləyəcək. Rusiya nəinki beynəlxalq, hətta regional səviyyədə təsir gücünü ciddi şəkildə itirəcək. Kremlin qonşu ölkələrə təsir vasitələri də minimuma düşmüş olacaq. Lakin hakimiyyət dəyişikliyi və ya ölkənin parçalanması mənə görə real deyil. Yaxın üç-beş il ərzində bunların olacağını gözləmirəm”.

İqtisadçının fikrincə, bu çöküşü 1990-cı ildə SSR-nin çöküşü ilə müqayisə etmək olmaz:

“Çünki hazırki vəziyyət və şərtlər o dövrlə eyni deyil. İqtisadi problemlərin Rusiyanın parçalanmasına və ölkə daxilində iğtişaşlara səbəb olacağını düşünmürəm. Çünki rus xalqının psixologiyasında fərqli yanaşmalar var. Rus xalqı indi dövlətin ətrafında birləşməyə üstünlük verir. Biz bunu İran modelində də gördük. İnkişaf etmiş ölkələrdə insanlar maddi rifahı hər şeydən üstün tutur. Hökumətin onların maddi rifahına mane olan istənilən siyasətini pisləyir və qarşı çıxır. Lakin inkişafda olan dövlətlərdə belə olmur. Bu mənada Rusiyada hər hansı iğtişaşların yaranacağını gözləmirəm”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*