NATO ölkələri Kalininqrad vilayətini Rusiyanın qalan hissəsindən təcrid etməyə cəhd edərsə, Moskva “nüvə silahı da daxil olmaqla, bütün arsenalından istifadə etməyə hazır olacaq”.
KONKRET.az xəbər verir ki, bu, Rusiyanın İrlandiyadakı səfirliyinin bəyanatında deyilir. Bəyanat böyük ölçüdə bir gün əvvəl Rusiyanın Belçikadakı səfirliyinin yaydığı açıqlamanı təkrarlayır.
Moskva onun bir və ya bir neçə Avropa ölkəsinə hərbi müdaxilə hazırladığı və hibrid hücumları gücləndirdiyi barədə iddiaları rədd edir. Eyni zamanda, Moskvanın sözlərinə görə, Qərb tərəfdən Rusiyanın milli təhlükəsizliyi üçün “real təhdid” gəlir.
Kalininqrad vilayəti üçün “təhdid” məsələsinə gəldikdə, Rusiyanın İrlandiyadakı səfirliyi 2026-cı ilin iyununda keçirilmiş Litva-Polşa-Fransa birgə hərbi təlimlərini, “Gallant Boar 2026”-ni xatırladır. Litva Silahlı Qüvvələrinin məlumatına görə, bu manevrlərin məqsədi Suvalki dəhlizinin sürətli və effektiv müdafiəsi üzrə bacarıqları təkmilləşdirmək idi. Rusiyanın fikrincə isə, təlimlər rus eksklavı olan Kalininqrad vilayətinə “yönəlmişdi”.
Qeyd edək ki, “Suvalki dəhlizi” Polşa-Litva sərhədindəki dar ərazidir və Kalininqradı Belarusla, yəni Rusiyanın müttəfiqi ilə ayıran xəttdir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
