Rusiya ordusundan Putin hakimiyyətinə xəbərdarlıq: “Silahlar danışanda artıq heç kəsin səsi eşidilmir”backend

Rusiya ordusundan Putin hakimiyyətinə xəbərdarlıq: “Silahlar danışanda artıq heç kəsin səsi eşidilmir”

“Rusiya prezidentinin avantürist Ukrayna siyasətinə dair yeni mesaj var. Bu dəfəki mesaj ABŞ, NATO və ya Qərbdən, hətta heç Ukraynadan da deyil, Rusiyanın öz daxilindən – “Ümumrusiya Zabitlər Məclisindən”dir.  Özü də elə döyüşçüsayağı sərt şəkildə və ağır ittihamlarla dolu”.

KONKRET.az xəbər verir ki, bu barədə politoloq Ərəstun Oruclu məlumat paylaşıb. O bildirib ki, Rusiyanın Ukraynaya mümkün hərbi müdaxiləsi haqda gedən diskussiyalar yalnız imitasiya xarakteri daşıyır. Çünki belə bir addım Moskva üçün ən ağır nəticələrə səbəb ola bilər:

1. Daxili ziddiyyətlər səbəbindən pərakandə vəziyyətdə olan NATO-nun və Qərbin səfərbər olunaraq Rusiyaya qarşı vahid güc kimi çıxış etməsi;

2. Hərbi uğursuzluq ehtimalının yüksək olması;

3. Rusiyaya daha sərt sanksiyaların tətbiqi;

4. Bunların nəticəsi olaraq Moskvanın qlobal güc statusunu itirərək geosiyasi mübarizədən kənarda qalması;

5. Rusiya cəmiyyətində parçalanma, revanşist millətçi-panslavyanist cərəyanların güclənməsi və sairə;

Amma bu da aydındır ki, özünün SSRİ və postsovet dövrünü əhatə edən son yüz illik tarixində bəlkə də ən ağır sistem böhranı yaşayan Rusiyaya düşdüyü vəziyyətdən çıxmaq üçün “xarici düşmən” amili hava-su kimi lazımdır. Kreml ideoloqları son 15-20 il ərzində həmin “düşməni” yanlış ünvanda – Ukraynada axtarırdılar. Bu da səbəbsiz deyildi. Kreml strateqləri Putin rejimi ilə Rusiya cəmiyyəti arasındakı əks əlaqəni və reallıqları anlaya biləcəkləri böhran nöqtəsindən sürətlə uzaqlaşmaqda idilər. Görünür, bu, artıq baş vermiş faktdır, əks halda hədəf kimi Ukrayna heç bir halda seçilməməli idi”.

Ərəstun Oruclunun sözlərinə görə, mümkündür ki, Moskvanın Ukrayna siyasətinin memarları bu ölkəyə təhdid yaradılacağı halda xarici amilin mümkün rolunu da dəqiq hesablaya bilməyiblər: “Hər halda bu gün görünənlər məhz onu deməyə əsas verir. Son 2 ay ərzində Ukrayna ordusunun silahlandırılmasının intensivliyi çox güman ki, indi Kremli öz siyasətinə yenidən baxmağa məcbur edir. Amma təkcə Kremli yox. Ukrayna siyasətinin mümkün nəticələrinin yuxarıda göstərilən bəndlərinin ilk dördü ətrafında müzakirələr yetərincə olub. Odur ki, bu gün 5-ci bənd üzərində dayanmağa xüsusi ehtiyac var. Yəqin ki, bir çoxları cəmiyyətdən gələ biləcək əks reaksiyaları Rusiyada rüşeym durumunda olan “liberal-demokrat” kəsimdən gözləyirdi. Əvvəlki dəyərləndirmə və təhlilllərdə də həmin reaksiyanın Rusiya ictimai-siyasi spektrinin əks qütbündən – onun millətçi və panslavyanist seqmentindən gələcəyini göstərmişdik. Belə də oldu. İkinci gündür Rusiya və rusdilli xarici media ilə yanaşı bəzi Qərb hərbi-analitik çevrələri də “Ümumrusiya Zabitlər Məclisinin” ölkə vətəndaşlarına və Rusiya hakimiyyətinə müraciətini müzakirə edir. Məclisin sədri general-polkovnik Leonid İvaşovun imzaladığı müraciətdə Putinin xarici siyasəti “cinayətkar” adlandırılır və Rusiya üçün əsas təhdidin ölkənin daxilindən qaynaqlandığı göstərilir. Həmin təhdidin mənbəyi kimi isə qabiliyyətsiz idarəçilik, hakimiyyətin antixalq mahiyyəti, mövcud modelin uğursuzluğudur.Kreml ierarxiyasını faktiki olaraq rus xalqının məqsədli məhvində ittiham edən müraciətin müəllifləri ölkədə sistem böhranın olmasını və Ukraynaya qarşı müharibə başlanacağı halda Rusiya üçün tarixin bitəcəyini bildirirlər. Ümumiyyətlə, tonu son dərəcə ağır olan müraciət müstəsna olaraq sərt ittihamlar və tələblər şəklində tərtib edilib.

Siyasilərin Tərtər faciəsinə münasibəti: Ərəstun Oruclu. - YouTube

Politoloq əlavə edib ki, rusiyalı hərbi analitik Mixail Xodoryonok da mümkün Rusiya-Ukrayna müharibəsi haqda fikirlər paylaşıb: “İllərdir ictimai rəyi Ukraynaya qarşı müharibəyə kökləyən Kreml analitiklərini (daha doğrusu təbliğatçılarını) sərt şəkildə tənqid edən Xodoryonok onları qeyri-peşəkarlıqda, yanlış dəyərləndirmədə və digər günahlarda ittiham edir. Tanış olmadıqları mövzularda danışmamağa çağırır. Mümkün müharibəni hərbi-strateji baxımdan bənd-bənd təhlil edən analitik Rusiyanın uzunmüddətli hərbi qarşıdurmaya çəkilərək ağır duruma düşə biləcəyini göstərir. Digər diqqətçəkən məqamlardan biri də müəllifin Rusiya ordusunun, onun silah təchizatının durumu barədə Putinin pozitiv dəyərləndirmələrini təkzib etməsidir. Beləliklə, bir çoxlarının Putinin Ukrayna avantürasına qarşı Rusiya cəmiyyətinin küncə sıxılmış demokratik kəsimindən etiraz səslərinin ucala biləcəyini gözlədiyi halda, “günün günorta çağı” yaylım atəşi açıldı. Özü də necə deyərlər, ağır artilleriyadan. İstisna deyil ki, “atəş” əmri də eyni mərkəzdən verilib. Heç kəsdən sirr deyil ki, müxtəlif zabitlər birlikləri, digər bu tipli hərbi təmayüllü qurumlar və ekspertlər adətən ordu ilə sıx əlaqədə fəaliyyət göstərirlər. Odur ki, onların bəyanat, müraciət və dəyərləndirilmələri də ordunun mövqeyinin ifadəsi kimi qəbul edilə bilər. Odur ki, yuxarıdakı mesajların da Rusiya ordusunun Putin hakimiyyətinə xəbərdarlığı olduğunu deyə bilərik”.

“Müxalifətin, medianın və digər vətəndaş cəmiyyəti institutlarının sıradan çıxarıldığı ölkələrdə hakimiyyət uğrunda mübarizənin elə hakimiyyətin özünün daxilinə keçməsi simptomatik haldır. Bir o fərqlə ki, Rusiyada həmin mübarizədə hakimiyyətə iddialı tərəf kimi görünən ağır silahllara malik olan “müxalifətdir”. Onun qarşısında isə təkcə zopalı polislər və məkrli FSB çekistləri deyil, hətta yüngül silahlara malik olan “Rosqvardiya” dəstələri də acizdir. Bu halda yumurtabaş Kreml təbliğatçılarının da şansları sıfra bərabərdir, çünki silahlar danışanda artıq heç kəsin səsi eşidilmir. Belə görünür ki, öz daxili opponentini (ordunu) Qazaxıstan, Ukrayna və sair bu kimi avantüralara cəlb edərək onu həm siyasi mübarizədən yayındırmağa, həm də cinayətlərə bulaşdırmağa çalışan Kremlin səyləri qarşı tərəfin səbrinin tükənməsinə gətirib çıxarıb. Ona görə də, yaxın dövrlərdə Rusiyada sürpriz siyasi proseslərin şahidi ola bilərik” – deyə Ərəstun Oruclu fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*