Rusiya Qarabağdakı sülhməramlıları çıxardır? – MÖVQEbackend

Rusiya Qarabağdakı sülhməramlıları çıxardır? - MÖVQE

Dünya Rusiya-Ukrayna münaqişəsinə foks olub. Müzakirə edilən iki mövzudan biri və birincisi Ukraynada baş verənlərdir. Bəşəriyyətin Ukrayna hadisələrinə bu qədər maraq göstərməsi isə dünyanın həqiqət və ədalət sevgisindən deyil, Qərbin Rusiyaya qarşı apardığı ideoloji müharibənin ortaya qoyduğu uğurlu nəticədir.

Qərb hər ötən gün ideoloji müharibəyə 15 milyon dollara yaxın vəsait xərcləyir. Rusiyanın bu sahədəki xərcləri isə heç bir milyon dollara çatmır. İdeoloji sahədəki hədsiz üstünlük təbii ki, Qərbi istədiyi informasiyanı tirajlamağa və bəzəndə auditoriyanı istədiyi istiqamətə yönləndirməyə imkan verir.

Təbii ki, Avropanın bir parçası olan Azərbaycanda da bir para adamlar istər-istəməz Qərbin birtərəfli təbliğatına inanır, təsiri altına düşür və hətta bilməyərəkdən onun ruporuna çevrilir. Bu həssas məsələdə təəssüf doğuran məqam odur ki, Qərbin ideoloji ruporuna çevrilən soydaşlarımız arasında siyasətdə saç ağartmış insanlar da var. Məsələn, sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov ötən gün yerli mətbuata Rusiya-Ukrayna münaqişəsi haqqında fikirlərini bildirib…

Mən Tofiq müəllimin təhlillərinə və baxışlarına hər zaman hörmətlə yanaşmışam. Çünki məsələyə hər zaman peşəkar yanaşıb. Lakin onun dünənki bir çox fikirləri mənim təəccübümə və təəssüfümə səbəb oldu. Nə idi məni təəccübləndirən fikirlər? Təbii, məsələyə peşəkar diplomata yaraşmayan qeyri-peşəkar yanaşma. Cənab Zülfüqarov deyir ki, “2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 3-cü bəndində qeyd edilir ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Ancaq sonradan Kreml razılaşmaya məhəl qoymayaraq Azərbaycan ərazisinə bəyanatda göstəriləndən dəfələrlə artıq hərbçi, zirehli və xüsusi texnika yerləşdirdi. Hətta Rusiyanın sülhməramlı adı altında Qarabağa 8 minə yaxın hərbçi göndərdiyinə dair məlumatlar mövcuddur(!)”.

Əvvəla, Qarabağda 8 min rus hərbiçisinin mövcudluğuna dair məlumat və əminlik Tofiq müəllimdə hardandır?! Bunu hansısa sıradan biri desə, mən təəccüblənməzdim. Lakin vaxtilə Azərbaycan diplomatiyasının başında durmuş bir şəxsin hansısa feyk xəbəri dilə gətirməsi ən azı təəssüf doğurur. İkincisi, Rusiyanın 8 min hərbiçinin Azərbaycan hökümətinin razılığı olmadan Qarabağa yerləşdirildiyini deməklə bu adam nəyi sübut etmək istəyir? Azərbaycan iqtidarının qətiyyətsizliyini və iradəsizliyini? Yoxsa Qərbə olan sevgisindən Rusiyaya qarşı qaynaqlanan nifrətini?! Hər iki halda Tofiq Zülfüqarov yanlışdır, səhvdir.

Çox təəssüf ki, həmin müsahibədəki yanlışlıqlar bununla bitmir. Tofiq müəllim iddia edir ki, “Rusiya Qarabağdakı sülhməramlı kontingentini çıxarıb Ukraynaya göndərir”. Bu məlumatı cənab Zülfüqarovun haradan aldığını bilmirəm. Amma bildiyim bəzi faktları Tofiq müəllimə xatırlatmaq istəyirəm.

Birincisi, Rusiya hələ ki tam şəkildə ordusunu Ukraynaya qarşı müharibəyə səfərbər etməyib. Nəzərə alaq ki, Rusiyanın ordusu öz sıralarında 3 milyondan artıq hərbçini toplayıb. 4 milyondan artıq hərbçi isə ehtiyatdadır. İndiki məqamda Rusiya Ukrayna cəbhəsinə heç bir milyon hərbçi cəlb etməyib. Ona görə də bu qədər qüdrətin qarşısında Qarabağdakı hansısa xırda sülhməramlı dəstənin çıxarılıb Ukraynaya göndərilməsi “faktı” heç ağlabatan deyil.

İkincisi, Rusiyanın hərb tarixini bilənlərə məlumdur ki, bu dövlət bütün müharibələrdə bir neçə cəbhədə döyüşüb. İkinci Dünya müharibəsində almanlar Moskvanın 28 kilometrliyinə çatanda Rusiya Şərqdə Yaponiyaya qarşı müharibəyə hazırlıq görürdü. Hələ onu demirəm ki, müharibənin ilk illərində Sovet qoşunları İrana belə girmişdi. Yəni Rusiya heç də Qərbin təqdim etdiyi qədər zəif və aciz bir ölkə deyil. Rusiya hərbi kontingentinə görə dünyanın ən böyük 5 ölkəsindən biridir. Əhali sayına görədə isə dünyada 9-cu yerdədir. Neft-qaz və digər təbii ehtiyatlarına görə isə dünya sıralamasında ilk üçlüyü qapadır. Ona görə də Rusiyanı zəif və çarəsiz ölkə kimi təqdim etmək auditoriyanı çaşdırmaqdan və Qərbin ideoloji xəttinə xidmətdən başqa bir şey deyil.

Bu gün hər birimiz neytral və obyektiv mövqeyimizi saxlamalıyıq. Bunu bizim vətəndaşlıq borcumuz tələb edir. Çünki 22 fevral 2022-ci ildə Azərbaycan Rusiya ilə bütün sahələr üzrə strateji müttəfiqlik sazişi imzaladı. Bu saziş də bizim üzərimizə konkret məsuliyyət qoyur. Ona görə də vətəndaşlıq borcumuzu layiqincə yerinə yetirməsək də, heç olmasa neytral mövqeyimizi saxlayaq. Ən azı ona görə ki, 44 günlük müharibədə Ukrayna dövləti və xalqı bizim üçün heç barmaqlarını belə tərpətmədi. Bunu bilə-bilə biz niyə marionetka Zelenskinin xalqına qarşı həyata keçirdiyi soyqrımı siyasətini müdafiə etməliyik?!

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*