Hərbi toplanışa çağırılanların maaşı saxlanılır? – Vəkildən AÇIQLAMAbackend

Hərbi toplanışa çağırılanların maaşı saxlanılır? – Vəkildən AÇIQLAMA

Hərbi toplanışlara çağırılan vətəndaşların iş yeri və əməkhaqqı ilə bağlı hüquqları qanunvericiliklə qorunur. 

Bəs hərbi təlim və toplanışlarda iştirak edən şəxslərin işdə olmadığı müddət üçün maaşı saxlanılırmı və bu ödəniş hansı qaydada həyata keçirilir?

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq departamentinin müdiri, vəkil Fuad Məmmədov bildirib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 179-cu maddəsinə əsasən, hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi zamanı işçinin iş yeri və orta əməkhaqqı saxlanılır.

Onun sözlərinə görə, bu təminat hərbi təlim, yoxlama və xüsusi toplanışlarda iştirak edən, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin cəlb etdiyi müvafiq tədbirlərdə iştirak edən şəxslərə şamil olunur.

Fuad Məmmədov

Vəkil qeyd edib ki, hərbi qeydiyyat, xüsusi hərbi ixtisaslar üzrə hazırlıq, çağırışçıların tibbi müayinəsi və hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəlmiş tədbirlərdə iştirak da bu təminatın əhatə etdiyi hallardandır. Həmçinin hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunan işçilərin də əmək hüquqları qorunur.

Beləliklə, qanunvericiliyə əsasən, qeyd olunan hallarda işçi hərbi toplanışda və ya müvafiq tədbirdə iştirak etdiyi müddətdə iş yerini itirmir, onun orta əməkhaqqı saxlanılır. Yəni həmin dövr üçün ödəniş qanunla müəyyən edilmiş təminat əsasında həyata keçirilir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*