Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan bəyan edib ki, Rusiya sərhədçilərinin Azərbaycanla sərhəddə yerləşdirilməsi barədə Rusiya tərəfi ilə danışıqlar aparılır.
KONKRET.az erməni portallarına istinadən xəbər verir ki, Davtyan deyib ki, hələ ki, qəti qərar yoxdur, lakin proses (danışıqlar) artıq davam edir.
Azərbaycan tərəfinin Rusiya Sərhəd Qoşunları qüvvələrinin sərhəddə yerləşdirilməsinə razı olub-olmadığını soruşduqda, Davtyan bildirib ki, Ermənistan bu qüvvələri öz ərazisində yerləşdirir.
Xatırladaq ki, bir qədər əvvəl Geqarkunik vilayətinin qubernatoru Qnel Sanosyan Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi barədə bəyanat vermişdi.
Yeri gəlmişkən, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib ki, “Artıq Sünik bölgəsində (Zəngəzur-red) Ermənistan-Azərbaycan sərhədindəki problemli ərazilərdə rus hərbçilərin postları var. Bu istiqamətdə gələcək addımlara gəlincə, hələ indidən nə isə söyləmək tezdir, gözləməliyik”.
Rəsmiyyə Şərifova,
KONKRET.az
