Rusiya-Ukrayna müharibəsinin uzanması fonunda tərəflər arasında mümkün sülh danışıqları və liderlər səviyyəsində görüş ehtimalları yenidən müzakirə olunur.
Xüsusilə, Volodimir Zelenski ilə Vladimir Putin arasında birbaşa təmasın yalnız yekun razılaşma mərhələsində baş tuta biləcəyi ilə bağlı açıqlamalar diqqət çəkir. Bununla yanaşı, beynəlxalq aktorların, o cümlədən Donald Tramp kimi fiqurların vasitəçilik təşəbbüsləri də prosesə əlavə dinamika qatır. Lakin mövcud hərbi qarşıdurma və tərəflərin ziddiyyətli mövqeləri fonunda bu cəhdlərin real nəticəyə çevrilməsi hələ də sual altındadır. Belə olan halda, bu ilin sonuna qədər davamlı sülh sazişinin imzalanması nə dərəcədə mümkündür?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, hazırda Rusiya-Ukrayna müharibəsi bütün şiddəti ilə davam edir və tərəflər arasında sülhə dair müəyyən siqnallar olsa da, bunlar hələlik real nəticəyə çevrilməyib.

“Beynəlxalq səviyyədə, o cümlədən ABŞ prezidenti Donald Trampın tərəfləri bir araya gətirmək cəhdlərinə baxmayaraq, Moskva və Kiyev arasında tələblər kəskin şəkildə ziddiyyət təşkil edir.
Bu ziddiyyətlər o qədər dərindir ki, tərəflərin ortaq məxrəcə gəlməsi hazırda mümkün görünmür. Ukrayna Prezidenti Volodimir Zelenski dəfələrlə liderlər səviyyəsində görüşə hazır olduğunu bəyan edib. Lakin Rusiya Prezidenti Vladimir Putin müxtəlif səbəblərlə bu görüşdən yayınır. Birbaşa imtina etməsə də, fərqli bəhanələrlə prosesdən uzaq durur”.
Politoloq qeyd edib ki, bunun əsas səbəblərindən biri Kremlin Zelenskini legitim lider kimi qəbul etməməsi və Ukraynanın göstərdiyi müqaviməti həzm edə bilməməsidir. Bu amillər liderlər arasında birbaşa təmas ehtimalını minimuma endirir.
“Liderlərin mümkün görüşü ilə bağlı səsləndirilən açıqlamalar daha çox beynəlxalq ictimaiyyətə müsbət mesaj vermək məqsədi daşıyır və real siyasi zəmin hələ formalaşmayıb.
ilin sonuna qədər belə bir görüşün baş tutması ehtimalı olduqca aşağıdır. Əvvəllər hərbi baxımdan çətin vəziyyətdə olan Ukrayna müəyyən təzyiqlərlə üzləşsə də, hazırda silahlanmasını gücləndirib və mövqelərini möhkəmləndirməkdədir. Əgər bu dinamika davam edərsə, Ukrayna gələcəkdə Rusiyaya qarşı daha üstün mövqeyə çıxa bilər”.
Beləliklə, mövcud reallıqlar göstərir ki, yaxın aylarda nə liderlər səviyyəsində görüş, nə də davamlı sülh sazişinin imzalanması üçün yetərli şərtlər formalaşıb.
Aynurə İsmayıl
KONKRET.az
