Rusiya-Ukrayna müharibəsi: Azərbaycan və Türkiyə buna imkan verməyəcək – ŞOK DETALLARbackend

Rusiya-Ukrayna müharibəsi: Azərbaycan və Türkiyə buna imkan verməyəcək - ŞOK DETALLAR

ABŞ prezidenti Co Bayden deyir ki, fevralı 16-da Rusiya-Ukrayna müharibəsi başlayacaq. Qərbdəki bəzi mənbələr isə bu müharibənin fevralın 15-də başlayacağını söyləyirlər.

Bu azmış kimi bəzi ölkələr, məsələn, ABŞ,  Böyük Britaniya, İtaliya və digər ölkələr öz vətəndaşlarını təcili olaraq Ukraynanı tərk etməyə çağırıblar. Üstəlik, Böyük Britaniya və Avstriya kimi dövlətlər Ukraynadakı səfirliklərinin fəaliyyətini dayandırıblar. Fevralın 13-də bəzi Avropa ölkələri bir qədər də irəli gedib Ukraynanın hava məkanını öz təyyarələri üçün bağlı elan etdi.

Bir sözlə Qərb və Avropa əmindir ki, iki günə Böyük Müharibə başlayacaq. Amma reallıqda isə Ukrayna-Rusiya münasibətlərində barıt qoxusu gəlmir. Nə Moskva, nə də ki, Kiyev müharibə ritorikası ilə danışmır. Hətta deyərdim ki, hazırkı Kiyev-Moskva münasibətləri əvvəlki illərlə müqayisədə xeyli mülayimdir. Bəlkə də bir az isinmə nəzərə çarpır.

Bəs elə isə nə baş verir?

Bəllidir ki, həm Ukrayna, həm də Rusiya eyni tarixi keçmişə və dövlətçilik ənənələrinə malik dövlətdir. Üstəlik bu iki dövlətlərin xalqları həm eyni milli kökə (slavyan xalqları) və eyni təriqətə (provaslav təriqətinə) malikdirlər. Lakin son 15 ildə rəsmi Kiyevin və Kremlin siyasi baxışları üst-üstə düşmədiyindən indiki status-kvo yaranıb. Bütün baş verənlərə baxmayaraq, nə Rusiya, nə də ki, Ukrayna müharibə istəmir. Çünki slavyan xalqının ağıllı oğulları başa düşür ki, başlayacaq müharibədə qalib tərəf olmayacaq. Qırılan, dağıdılan, məhv edilən, zəif salınan ancaq və ancaq slavyan xalqları olacaq. Bu müharibənin baş verəcəyi təqdirdə eyni zamanda, qonşu dövlətlər və Avropa ciddi ziyan görəcək. Bəlkə bir az ABŞ qazanclı çıxa bilər.

Tarix sübut edir ki, bütün qlobal müharibələr və böyük dövlətlərin dağılması bəsəriyyətə hər zaman böyük ziyan vurub. Məsələn, SSRİ-nin dağılması dünya düzənin tamamilə pozdu və dünyanın inkişafını ən azı 20 il tormozladı. Bu mənada Avrasiyanın köbəyində yerləşən və materikin iki böyük dövlətləri arasında baş verə biləcək müharibə bəşəriyyətə gözləmədiyimiz acı sürprizlər təqdim edə bilər. Ona görə də həm Kiyev, həm də Moskva müharibə ritorikası ilə danışsalar da, amansız müharibədən qaçır. Və bəzən ara qızışdıranlara belə bağırırlar. Məsələn, Rusiya XİN-in sözçüsü dünən öz Facebook səhifəsində əsəbi şəkildə yazır ki, “Ağ Evin isterikası həmişəkindən daha nümayişkaranədir. Anqlosakslara müharibə lazımdır”. O, əlavə edib ki, təxribatlar, dezinformasiya və təhdidlər öz problemlərini həll etmək üçün Qərbin sevimli üsuludur.

Ukrayna prezidenti Vladimir Zelenski də dünən öz paylaşımında yazıb ki, “təşviş yoxdur, işləyirik”.

Baxmayaraq ki, Qərb bütün vasitələrlə mövcud problemi körükləyir, müharibəyə sürükləyir.

Amma tam əminliklə deyə bilərəm ki, Ukrayna-Rusiya müharibəsi nəinki 15-16 fevralda, heç yaxın 6 ayda da baş vermiyəcək.

Bəs, dünyanı başına götürən bu müharibə söz-söhbəti hardan qaynaqlanır? Bunun bir neçə əsaslı səbəbləri var.

Birincisi, bu müharibəni ancaq və ancaq ABŞ və bir az da ABŞ-ın təsiri altında olan bir neçə dövlət istəyir. Onların da hədəfi də odur ki, Rusiya qlobal müharibəyə düçar olsun, zəifləsin (son hədəf Rusiyanın parçalanmasıdır) və ABŞ-ın dünya ağalığı iddiasına şərik çıxmasın. Yəni slavyan xalqlarını bu müharibədə hansı dəhşətlərin gözləməsi nə Qərbin, nə də ki, ABŞ-ın türklər demiş “umrunda belə” deyil.

İkincisi, böyük dövlətlər öz varlıqlarını yalnız münaqişələr, müharibələr zamanı ortaya qoya bilirlər. Post-müharibə zamanı heç kimi heç bir dövlət maraqlandırmır. Məsələn, 5-10 il qabaq biz ABŞ, Rusiya və Avropanın aparıcı dövlətlərini adlarını belə ehtiyatla çəkirdik, BMT-nin, ATƏT-in gədə-güdəsinin nazı ilə oynayırdıq. Nəyə görə? Təbii ki, Dağlıq Qarabağ probleminə görə. Amma indi nə ATƏT vecimizədir, nə BMT, nə də ki, böyük dövlətlər. Bax, ABŞ və bəzi böyük dövlətlər Ukraynada ona görə müharibə istəyir ki, ortaya düşsünlər, ağsaqqallıq eləsinlər. Əslində isə məqsəd münaqişə tərəflərə öz istəklərini diqtə etməkdir.

Üçüncüsü və ən əsas məqam ondan ibarətdir ki, son vaxtlar Rusiya-Ukrayna münaqişəsinin həllinə Azərbaycan-Türkiyə birliyi qoşulub. Bax, ABŞ-ı, Avropanı və hətta uzaq Yaponiyanı narahat edən bu faktordur. Yada salaq ki, son bir ayda İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Kiyevdə rəsmi səfərdə olub. Bu günlərdə isə Vladimir Putin Ankaraya səfər edəcək. Görünən odur ki, ortada hələlik açıqlanmayan sülh sazişi var. Bu sülh sazişinin təşəbbüskarı və moderatoru Türkiyə və Azərbaycan prezidentləridir. Və böyük qürurla deyə bilərik ki, “bir millət-iki dövlətin” sülh təşəbbüsünə həm Zelenski, həm də Putin çox isti yanaşır.

Bax, ABŞ-ı da, Qərbi də hövsələdən çıxardan, Rusiya-Ukrayna münaqişəsinin üstünə benizin tökmək çabaları da Türkiyə və Azərbaycan liderlərinin icrasına başladığı böyük sülh sazişinə qısqanclıqdır. Yada salaq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində həm Qərb, həm də ABŞ oyundankənar vəziyyətdə qaldı. Və bu həqiqəti iki ildir ki, həmin fövqəldövlətlər həzm edib qəbullana bilmir.

İndi isə Rusiya-Ukrayna münaqişəsində ABŞ-ı və Qərbi həmin aqibət gözləyir. Bu acı aqibətlə barışmaq istəməyən ABŞ və Qərb öz varlıqlarını sübut etmək və münaqişənin həllində vasitəçi olmaq üçün hər yola əl atır. Onlardan biri və ən realı müharibə variantıdır. Çünki müharibə başlasa, Azərbaycan-Türkiyə təşəbbüsü ən azı müəyyən müddətə təxirə düşə bilər. Bu isə adlarını çəkdiyimiz bədnam dövlətlərin işinə yarayır.

Sonda əminliklə deyə bilərəm ki, Rusiya-Ukrayna müharibəsi ən azı yaxın altı ayda baş verməyəcək. Və Əliyev-Ərdoğan təşəbbüsü böyük uğurla sonuclanacaq. Bölgəyə sülh gələcək. Beləcə, Azərbaycan-Türkiyə AvroAsiyanın de-fakto güc mərkəzi olacaq.

O MÖHTƏŞƏM günə az qalıb…

Surxay Atakişiyev,

KONKRET.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*