Rusiya şəhərlərində əhalinin qənaət rejiminə keçməsi fonunda yüzlərlə bar bağlanmağa başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti yazıb.
Avqust ayına olan məlumata görə, milyonluq şəhərlərdə ümumilikdə 5900 belə müəssisə fəaliyyət göstərib ki, bu da ötən illə müqayisədə 6% azdır. Ən çox bar isə Moskvada (14%) və Krasnodarda (10%) bağlanıb.
“Kontur.Fokus”un hesablamalarına görə, ilin əvvəlində ölkədə 7300 ümumi iaşə nöqtəsi fəaliyyətini dayandırıb ki, bu da illik müqayisədə 29% çoxdur. Restoran nümayəndələri ziyarətçi sayının orta hesabla 10-15%, bəzi yerlərdə isə 30-40% azaldığını bildirirlər. Sektor nümayəndələri mövcud vəziyyəti son 25 ilin ən pis rekordu kimi qiymətləndirirlər.
Paytaxtda hazırda 1900 bar fəaliyyət göstərir. Lakin “NF Group”un məlumatına görə, ilin ilk yarısında mərkəzi küçələrdə 92 iaşə obyekti açılsa da, 118-i bağlanıb.
Mütəxəssislər bunu əhalinin alıcılıq qabiliyyətinin, real gəlirlərinin aşağı düşməsi, maya dəyərinin, vergi yükünün artması və sərt rəqabətlə əlaqələndirirlər. Vətəndaşlar getdikcə evdə dincəlməyə üstünlük verirlər.
Natiq Səlim,
KONKRET.az
