Rusiya ilə Azərbaycan arasında mümkün hərbi qarşıdurma ssenarisi son dövrlərdə regionun təhlükəsizlik gündəmində müzakirə olunan mövzulardan biridir. Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi və hərbi potensialını gücləndirməsi fonunda Moskvanın ölkəmizə qarşı hər hansı müdaxiləyə cəhd etməsi ciddi regional nəticələrə səbəb ola bilər.
Bəs Rusiya Azərbaycana müdaxilə edərsə, hansı nəticələrlə üzləşə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hazırkı geosiyasi və hərbi reallıqlar Rusiyanın Azərbaycan istiqamətində ikinci cəbhə açmasına imkan vermir.

Ekspertin sözlərinə görə, Rusiya artıq uzun müddətdir Ukraynada davam edən müharibənin yaratdığı ciddi hərbi və resurs yükü ilə üz-üzədir.
“Artıq 5 ilə yaxındır ki, Ukrayna bataqlığında çabalayan Rusiyanın hazırda ikinci cəbhə açmaq üçün potensialı mövcud deyil. Azərbaycan isə mövcud təhdidlərdən qorunmaq məqsədilə Silahlı Qüvvələrinin döyüş potensialını yüksək səviyyədə saxlayır. Təhlükəsizliyimizin təmin olunması məqsədilə dünyada istehsal edilən ən müasir silah sistemlərini əldə edir, zəruri olan digər hərbi vasitələri isə tərəfdaş və müttəfiq ölkələrdən alır”, – deyə ekspert bildirib.
Ədalət Verdiyev qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri də ölkəmizin təhlükəsizlik imkanlarını əhəmiyyətli dərəcədə gücləndirir. Onun sözlərinə görə, iki ölkə arasında imzalanmış Şuşa Bəyannaməsi strateji müttəfiqliyin mühüm hüquqi-siyasi əsaslarından biridir.
“Digər tərəfdən, Rusiyanın ətrafında Azərbaycanla müttəfiq münasibətlərə malik, Türk Dövlətləri Təşkilatının üzvü olan ölkələr var. Onların hər biri Rusiyanın Azərbaycana qarşı atacağı istənilən addımı qəti şəkildə pisləyə bilər. Bu isə Rusiya üçün heç də yaxşı nəticələr vəd etmir”, – ekspert vurğulayıb.
Hərbi ekspert hesab edir ki, hazırkı şəraitdə Rusiyanın Azərbaycanla yanaşı, Türkiyə ilə də mümkün qarşıdurma riskini nəzərə almaması mümkün deyil.
“Azərbaycanın arxasında Türkiyə kimi güclü müttəfiqin dayanması mümkün hərbi müdaxilənin nəticələrini Rusiya üçün daha da ağırlaşdıra bilər.
Belə bir ssenari reallaşarsa, Moskva yalnız Azərbaycanla deyil, regiondakı daha geniş siyasi və hərbi qüvvələrlə qarşı-qarşıya qala bilər. Bu isə Rusiyanın onsuz da mürəkkəb olan beynəlxalq və hərbi vəziyyətini daha da çətinləşdirə bilər”, – deyə ekspert əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az
