“Rusiyanın SWIFT beynəlxalq ödəniş sistemindən mümkün ayrılması Ermənistan iqtisadiyyatına ağır təsir göstərəcək”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan deyib. O bildirib ki, Rusiyanın SWIFT beynəlxalq ödəniş sistemindən mümkün qopması Ermənistan iqtisadiyyatına ağır təsir göstərəcək.
Qərbin Rusiya Federasiyasına qarşı sanksiyalarının sərtləşdirilməsinin Ermənistana təsiri ilə bağlı sualı cavablandıran Qalstyan qeyd edib ki, geosiyasi proseslərin Ermənistan üçün əlverişsiz inkişafı 2022-ci ildə ən arzuolunmaz hadisələrdən birinə çevrilə bilər. Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatına təsirin səviyyəsi və miqyası Rusiyaya qarşı hansı sanksiyaların tətbiq olunacağından asılı olacaq.
“Əgər sanksiyalar maliyyə sektorunu, eləcə də “Şimal axını 2” layihəsinin dayandırılmasını əhatə edərsə, bu halda Rusiya çox güman ki, milli valyutanı devalvasiya edəcək, nəticədə biz Rusiya iqtisadiyyatına rəqabət qabiliyyətliliyimizi müəyyən dərəcədə itirəcəyik”,- deyə Mərkəzi Bankın rəhbəri bildirib.
O, daha ciddi risklərin maliyyə sektorundan gəldiyini vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az
