
Tacikistan Prezidenti Emoməli Rəhmon Ali Məclisdə çıxışında məmurlara ildə ən azı 5 kitab oxumağı tövsiyə edib.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Prezidentin nitqinə əsasən cəmiyyətdə korrupsiyanın zərərləri barədə ən yaxşı kitabların siyahısı tərtib edilib.
Siyahıda 15-ci yeri görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinin “Ürək dostu” qəsidəsi də yer alıb.
Məmurlara qəsidənin ideya-məzmun cəhətdən zənginliyi barədə geniş məlumat da verilib.
Həmin yazılarda qeyd edilir ki, qəsidədə məmurlara ədalətli olmaq tövsiyə edilir: “Bir kəndli sizin xeyrinizə bir ağac yetişdirirsə, bu ağacı taxt etmək üçün kəsməyin. Məzlumların göz yaşlarında axan bir gəmi kimi üzən taxt niyə lazımdır? Kəndlinin əməyinin bəhrələrindən bərabər iştirakçı olaraq bir pay alırsınız, yalnız onun vəziyyətini hər hansı bir fəlakətdən qorumağınız şərtilə. Kəndlilərin əmlakı qarət edildikdə, itkini daşımalısınız. Bəs özünüz soyğunçu olduğunuz zaman onda kim zərər görəcək?”
Siyahıda birinci yeri Emoməli Rəhmonun bəyanatları və mesajları tutub.
Qeyd edək ki, 2007-ci ildən sonra prezidentin nitqlərinin mətnlərini diqqətlə oxumaq tövdiyə edilir. Eləcə də onların əksəriyyəti ayrı-ayrı kitablar şəklində çap olunur. Bu nitqlərdə tez-tez korrupsiya mövzusuna toxunulur.
Siyahıda ikinci Tacikistan Respublikasının Cinayət Məcəlləsi əks olunub. Bu kitab rüşvət alan vicdansız məmurları qorxutmaq üçün əla vəsaitdir. Korrupsioner məmurların ən azı 30 faizi bu kitabın xofundan çəkinir.
Dövlət qulluqçusunun etik davranış qaydaları və etik kodeksləri də bu qəbildəndir.
Siyahıda 4-cü kitab kimi Qurani-Kərim-i və hədisləri oxumaq məsləhət olunur.
Burada qeyd olunur ki, Allahın Kitabı vicdanlı, tükənməz, Allahdan qorxan insanlar üçün bir rəhbərdir.
Tövsiyə edilən kitablar arasında Keykavusun “Qabusnamə”si, Ruminin məsnəviləri, fars-tacik klassik poeziyası, Əhməd Danişin “Buxaradan Peterburqa səyahət”i, Boris Privalovun “Şən müdrik”i, Leoni Solovyevin, “Xacə Nəsrəddin haqqında povest”i, Aristofanın, Migel de Servantesin, Bernard Mandevilin, Herodotun, Mark Tvenin, Anton Çexovun, Yuliya Latıninanın, Əziz Nesinin, Viktor Koklyuşkinin, Qoqolun və digər korifeylərin əsərləri yer alıb.
