Saat 22:00-dan sonra alış-veriş edənlərə XƏBƏRDARLIQ!backend

Saat 22:00-dan sonra alış-veriş edənlərə XƏBƏRDARLIQ!

Son dövrlər onlayn ticarət platformalarında saat 22:00-dan sonra tətbiq edilən “gecə endirimləri” alıcılar arasında kütləvi alış-veriş həvəsi yaradıb. Lakin mütəxəssislər hesab edir ki, bu cür kampaniyalar real güzəştdən daha çox, istehlakçılarda süni tələskənlik yaradaraq onları impulsiv xərclərə sövq edən marketinq taktikasıdır.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a iqtisadçı Günay Hüseynova açıqlama verib. Onun sözlərinə görə, ilk növbədə onu qeyd edək ki, onlayn ticarətdə tətbiq olunan “gecə ovu” kampaniyalarının əsas məqsədi alıcılar arasında süni tələskənlik və panika yaradaraq satışı artırmaq, başqa sözlə desək, istehlakçını öz “toruna” salmaqdır:

“ Kampaniyaların məhz saat 22:00-dan sonra başlaması təsadüfi deyil. İnsanların iş qrafiki və asudə vaxt aralığı əvvəlcədən hesablandığı üçün bu saatlar məqsədli şəkildə seçilir. E-ticarət platformalarının müəyyən saatlarda xüsusi qiymət və endirim siyasəti tətbiq etməsi birbaşa istehlakçı davranışları ilə bağlıdır. Endirim adı altında təşvişə düşən, qiymətin real olaraq aşağı salınıb-salınmadığını yoxlamayan və ya cüzi güzəşt gördükdə dərhal sifariş verən alıcıların sayı kifayət qədər çoxdur. Platformaların əsas hədəf kütləsi də məhz bu qrupa daxil olan istehlakçılardır.

Gecə saatlarında heç bir araşdırma və müqayisə aparmadan edilən impulsiv alış-verişlər nəticəsində alıcılar ilk növbədə özləri bu tələyə düşür və şəxsi maliyyə yüklərini artırırlar. Bu addımlar daha çox psixoloji amillərə söykəndiyi üçün onun qarşısını almaq çətindir. Yəni kənardan verilən hər hansı tövsiyə və ya təkliflə bu cür alıcı davranışını dəyişmək demək olar ki, mümkün olmur”.

Ekspert qeyd dib ki, rəqəmsal səbətlərdə yığılıb qalan, lakin alınmayan məhsulların taleyinə gəldikdə isə şirkətlərin tətbiq edəcəyi hətta ən cüzi endirim belə həmin səbətlərin 90 faizinin boşalması ilə nəticələnə bilər:

“Məsələnin digər bir tərəfi də var. Eyni məhsulun istehsalı, idxalı və ya topdan alınıb pərakəndə satışı ilə məşğul olan bəzi sahibkarlar bir neçə fərqli şirkət və hesab yaradırlar. Onlar bir hesabda məhsulu baha, digərində isə nisbətən ucuz qiymətə təklif edirlər. Alıcı baha qiyməti görüb digər hesabdakı nisbətən münasib qiymətlə müqayisə aparır və dərhal məhsulu alır. Halbuki real mənzərəni görmək üçün qiymətlər ənənəvi ticarət obyektləri və digər müstəqil satıcıların təklifləri ilə müqayisə edilməlidir.

Emosional xərcləmə dalğasının qarşısını almaq üçün maliyyə intizamına gəldikdə isə qeyd etmək lazımdır ki, tələbat və xərclər müxtəlif olduğu kimi, psixoloji faktorlar da burada həlledici rol oynayır. Ən təhlükəli məqam məhz psixoloji asılılıqdır. Çünki bu kateqoriyaya aid olan insanlar öz maliyyə xərclərini idarə edə bilmir və mütəxəssis tövsiyələrinə məhəl qoymurlar.

Sadə bir hesablama aparsaq, 100 manatlıq məhsul endirimlə 90 manata satılırsa, aradakı 10 manatlıq fərq satıcının zərəri deyil, əksinə, istehlakçının büdcəsindən çıxan 90 manatdır. Digər tərəfdən, istehsalçı və ya satıcı şirkət üçün xüsusi güzəştlər tətbiq edilməyibsə, yaxud xərclərində azalma baş verməyibsə, həmin sahibkar məhsulunu niyə zərərinə satsın? Şirkətlər müəyyən endirimlər etsələr də, bu, kəskin qiymət fərqi yaratmır və yalnız onların mənfəət marjasına zərər vurmayacaq həddə tətbiq olunur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*