“2026-cı ilin sonunadək tələbə təqaüdlərinin yenidən artırılacağına dair rəsmi qərar və ya elan yoxdur.
Sentyabrın 22-də tələbə təqaüdlərinin artırılması ilə bağlı yayılan xəbərlərlə əlaqədar bir sıra universitetlərə sorğu göndərilib. Ali təhsil müəssisələrindən belə bir yeniliyin olmadığı bildirilib. Artımla bağlı müxtəlif gözləntilər olsa da, təqaüdlərin ilin sonunadək artırılacağı rəsmi şəkildə təsdiqlənməyib”.
Bu sözləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) səsləndirib:

Ekspert bildirib ki, tələbə təqaüdlərinin məbləği sonuncu dəfə Prezident İlham Əliyevin 24 iyul 2025-ci il tarixli Sərəncamı ilə artırılıb və yeni məbləğlər sentyabrın 1-dən tətbiq olunub.
“Hazırda ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə ən yüksək akademik göstəriciyə malik tələbələrə 240 manat, bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə 200 manat, orta ixtisas təhsili müəssisələrində isə 110 manat təqaüd verilir. Akademik göstəriciləri daha aşağı olan tələbələrin təqaüd məbləğləri isə müvafiq olaraq daha azdır”.
R.Sabir diqqətə çatdırıb ki, 2026-cı ildə ölkə üzrə yaşayış minimumu 300 manat, əmək qabiliyyətli əhali üçün isə 317 manat müəyyən edilib. Bu göstəricilər ali təhsil müəssisələrində müəyyən kateqoriyalara aid tələbələr üçün nəzərdə tutulan təqaüd məbləğlərindən yüksəkdir.
“ Nəzərə almalıyıq ki, ölkədə aztəminatlılığın həddini ölkə üzrə təsdiqlənmiş yaşayış minimumu müəyyənləşdirir. Ölkədə istehlak qiymətlərinin artması da tələbə təqaüdlərinin artırılması məsələsini aktuallaşdırır. Yaşayış xərclərinin artması belə bir qərarın müzakirəyə çıxarılması üçün əsas yarada bilər”, – deyə professor bildirib.
R.Sabir yüksələn qiymətlər fonunda tələbə təqaüdlərinin artırılmasının zəruriliyini də vurğulayıb. O, qeyd edib ki, tələbə təqaüdlərinin artırılması aztəminatlı tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə müsbət təsir göstərər.
Aynurə İsmayıl
KONKRET.az