Şahzadə Harri Böyük Britaniya Daxili İşlər Nazirliyini məhkəməyə verib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Suseks hersoqu Britaniya Daxili İşlər Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb. Bu barədə “Daily Mail” nəşri onun vəkillərinə istinadən məlumat yayıb. İddiaya səbəb Kraliçanın Platinum Yubileyi ilə əlaqədar olaraq ailəsi ilə birlikdə hazırlaşdığı səfərdə Britaniya polisi tərəfindən müdafiə ilə təmin olunmamasıdır. Suseks Hersoqunun vəkili bildirib ki, müvəkkili həyat yoldaşını və uşaqlarını evə gətirmək istəyir, lakin çox təhlükəli olduğu üçün bunu edə bilmir. Eyni zamanda o, müdafiə xərclərini özü ödəməyə hazırdır:
“Dövlət qulluğundan təqaüdə çıxmış və təhlükə ilə üzləşmək riski olan digər şəxslər heç bir ödəniş etmədən polis mühafizəsi alırlar. Böyük Britaniya həmişə Şahzadə Harrinin həyat yoldaşı və uşaqları üçün təhlükəsiz yaşamaq istədiyi yer olacaq. Polis mühafizəsinin olmaması isə həddindən artıq şəxsi risk yaradır. Şahzadə Harri Əfqanıstanda iki dəfə döyüşlərdə iştirak edib və son illərdə onun ailəsi neonasist və ekstremist təhdidlərə məruz qalıb” – deyə hersoqun vəkili bildirib.
Vəkil əlavə edib ki, məhkəmə iddiası ilə bağlı ilk iclas bu gün baş tutub.
Müşviq Tofiqoğlu
KONKRET.az
