backend

Şəhid ailəsinin 15 min manatını mənimsəyən Lalə Cavadlı DANIŞDI: "Faizə 2 min pul götürmüşəm"

Bir neçə gündür ki, tanınmış jurnalist Könül Ayparanın şəhid ailələrinin aldadılması və külli miqdarda pullarının mənimsənilməsi ilə bağlı paylaşdığı post ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. Jurnalistin iddiasına görə, “Tarixi Həqiqətlərin Öyrənilməsi İctimai Birliyi”nin rəhbəri Lalə Cavadlı iki şəhid ailəsindən pul alaraq onların övladları haqda film çəkəcəyinə və kitab çap etdirəcəyinə söz verib. lakin ortaya nə film, nə də ki, kitab çıxarıb. 

KONKRET.az olaraq məsələni araşdırmaq qərarına gəldik və öncə elə bu haqda sosial şəbəkədə məlumat paylaşan jurnalist Könül Aypara ilə əlaqə saxladıq. Jurnalist bildirdi ki, bu şəxs (Lalə Cavadlı -red) Vətən müharibəsi qazilərini şəhidin evinə gətirərək film çəkəcəyini deyib. Lakin ortada nə film, nə də pullar var: “Bu qadın məsələni sosial şəbəkə hesabımda ictimailəşdirdiyim üçün məni də məhkəməyə verəcəyi ilə hədələyib. Buyurub məhkəməyə müraciət edə bilər. Əlimdə faktlar, şahidlər və sübutlar var. Mən hazıram”.

Baş verən hadisə ilə bağlı saytımıza danışan şəhid anası Nailə Qasımova Lalə Cavadlı haqda ilginc iddialar səsləndirib: “Övladım Vətən müharibəsində şəhid olandan 5-6 ay sonra Lalə Cavadlı jurnalist kimi evimizə gəldi. Bu qadının yaşı 60-dan yuxarı idi və onun dələduz olduğuna inanmadım. Özünü tərifləyərək atasının jurnalist olduğunu və vaxtilə Ulu Öndər Heydər Əliyevin yanında gəzdiyini dedi. Beləcə 5-6 ay bizim evə gəlib-getdi. Oğlumun ildönümü ərəfəsində çəkiliş qrupu gətirmək istədiyini, film çəkdirmək və kitab çap etdirmək niyyətində olduğunu bildirdi. Beləcə biz bankdan 3500 manat pul götürərək ona verdik. Daha sonra yoldaşımın qardaşı qızını işə düzəltmək adı ilə bizdən 3500 azn aldı. Bacımın həyat yoldaşına pensiya düzəldəcəyini deyərək 1500 manat məbləğində pulumuzu mənimsədi. Qaynımın gəlinindən də, “pensiya düzəldəcəm” deyərək 2500 azn aldı. Beləcə 11-dən çox pul verdik. Bank faizləri ilə birgə 15 min manatdan artıq ziyana düşmüşük”.

Bir 2 nəfər illüstrasiyası ola bilər

Şəhid anası həyat yoldaşının da Birinci Qarabağ Müharibəsi veteranı olduğunu deyib: “Oğlum Qasımov Kamran Fazil oğlu Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlib. Otuz gün döyüşlərdə iştirak edib. Bu qadın isə bizim həssas nöqtəmizdən istifadə etdi. Hətta çəkiliş üçün Kəmalə Musazadə adlı xanımı da evimizə gətirdi. Amma həmin xanımı da aldadıb və onun da pulunu verməyib. Oğlum Kamranın qazi yoldaşlarını da çəkiliş adı ilə bizə gətirib. Onlar fiziki məhdudiyyətli insanlardır və çəkilişdə iştirak etmək üçün hərəsi bir rayondan zülm-əziyyətlə gəlirdilər. Çəkiliş başlasa da, axıra çatmadı və yarımçıq qaldı. Onun bizi aldatdığını və dələduz olduğunu isə təsadüf nəticəsində öyrəndik. Belə ki, bizimlə eyni kənddən olan və ömürlük həbs cəzası alan şəxsin qohumlarından 25 min manat pul istəyib. Bunun müqabilində ömürlük cəza alan şəxsi həbsdən çıxara biləcəyini deyib. Amma Lalə Cavadlının bibisi oğlu ilə təsadüfən qarşılaşmışıq və  bizə onun dələduz olduğunu deyib, pul verməməyi məsləhət görüb. Beləcə ömürlük cəza alan şəxsin yaxınları 25 min manatı Lalə Cavadlıya verməyiblər”.

Şəhid anası Nailə Qasımova məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə və ərazi üzrə Sabunçu Rayon Zabrat qəsəbəsi 15-ci polis bölməsinə məktubla müraciət etdiyini deyib: “Hazırda Sabunçu rayon Baş Polis İdarəsində iş araşdırılır. Hətta Lalə Cavadlını bölməyə gətiriblər və məhkəməyə də göndərmək istəyiblər. Amma mən onun həbsinə razı olmadım, bir ay vaxt verilməsini və bu müddətdə pulumu geri qaytarmasını tələb etdim. Verilən vaxt mayın 15-də tamam olacaq. Hələ ki, gözləyirik”.

KONKRET.az olaraq səsləndirilən iddialarla bağlı “Tarixi Həqiqətlərin Öyrənilməsi İctimai Birliyi”nin rəhbəri Lalə Cavadlının mövqeyini öyrənməyə çalışdıq. Zəngimizə cavab verən QHT sədri haqqında səsləndirilən iddiaların doğru olmadığını bildirdi: “Hazırda bu məsələ Sabunçu Polis İdarəsində araşdırılır. Mən şəhid ailəsindən faizə 2 min pul götürmüşəm. Əlimdə səs yazıları və mesajlar var. Sadəcə olaraq onlar faiz söhbəti ilə polisə müraciət etməyin mümkün olmadığını bildiklərindən bu formada şikayət ediblər. Mənim mövqeyimi soruşmadan heç kimin məsələni ictimailəşdirmək ixtiyarı yoxdur. Ona görə də, bu məsələni ictimailəşdirən jurnalistləri məhkəməyə verəcəm. Nailə Qasımovanın şikayəti əsasında ayın 15-də məhkəmə olub. Hazırda proses davam edir. Mən Nailə Qasımovadan 2 min manat pul almışam. Birinci ay 200 manat faiz ödəmişəm. Daha sonra yoldaşım min manat pul verib. Amma onlar bunu inkar edirlər. Onlara ümumilikdə 11 min borcumun olması məsələsi də doğru deyil. Problemlə bağlı araşdırma aparılır. İstintaq bitəndə mən sizə ətraflı məlumat verəcəm. Hazırda yalnız deyə bilərəm ki, iddialar əsassızdır və onları qəbul etmirəm”.

Ümid edirik ki, aparılan müvafiq araşdırmalardan sonra işə obyektiv qiymət veriləcək və günahkarlar cəzalandırılacaq. Vətən yolunda canlarını fəda edən şəhidlərimizin və onların ailə üzvlərinin haqqına girməyə heç kimin ixtiyarı yoxdur.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*