Şəhid anası Şuşadakı xoşagəlməz hallara etiraz etdi: “Bu, insanlığa sığmır”backend

Şəhid anası Şuşadakı xoşagəlməz hallara etiraz etdi: “Bu, insanlığa sığmır”

Şuşada bəzi şəxslərin qayalara və daşlara uyğun olmayan yazılar yazması, ərazini çirkləndirməsi və tarixi məkanlara zərər vurması ciddi narazılıqla qarşılanıb.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Vətən müharibəsi şəhidi Səbuhi Həsənquliyevin anası Maisə Səbuhi bu cür davranışları kəskin şəkildə pisləyib.

O bildirib ki, Şuşanın hər daşı və qayası Azərbaycan üçün təkcə təbiət nümunəsi deyil, həm də böyük tarixi əhəmiyyət daşıyır:

“Şəhid anası olaraq buna çox pis münasibət bəsləyirəm. O qayalar, daşlar həm bizim vətənimizdir, həm torpağımız, həm də tariximizdir. Görün, kimlərin qanı orada axıdılıb. Kimlər o daşlardan, qayalardan, torpağın hər qarışından ötrü canından keçib. Nə qədər övladlarımız, oğullarımız Vətən uğrunda şəhid olub.

İstər qadın, istər kişi olsun, tərbiyəli, əxlaqlı və düşüncəli insan heç bir yerdə belə yazılar yazmaz. Heç bir qayaya, daşa, ağaca və ya digər əşyaya xoşagəlməz sözlər yazmaq olmaz. Bu, insanın öz tərbiyəsini və mədəniyyətini göstərir.

Şuşa bizim tariximizin və mədəniyyətimizin beşiyidir. Belə bir yerdə bu cür hərəkətlər etmək həm xalqımız, həm də xüsusilə şəhid ailələri və qazilər tərəfindən qınanmalıdır. İnsan gedib gözəlliyi niyə korlayır? O daşın, qayanın, gülün, çiçəyin, torpağın hər qarışında bizim balalarımızın canı var. Nəyə görə gedib oranı pis yazılarla və neqativ hərəkətlərlə korlayırlar?

Bizim oğullarımız torpaqları ona görə azad etməyib ki, bu cür insanlar gedib oranı zibilləsin və ya korlasın. Onlar Azərbaycanın gələcək nəsillərinin işğaldan azad edilmiş torpaqlarda xoşbəxt və firavan yaşaması üçün canlarından keçiblər.

Əgər biz gedib həmin əraziləri korlasaq, zibilləsək, ermənilərin törətdiyi vandallıqdan nə fərqimiz olacaq? Ermənilər də işğal etdikləri torpaqlardan çıxarkən evləri yandırdılar, qəbiristanlıqları və digər tarixi izləri məhv etdilər. Bizim belə davranışlara yol verməyimiz qəbuledilməzdir.Ümid edirəm ki, aidiyyəti qurumlar bu məsələyə diqqət yetirəcək və müvafiq tədbirlər görüləcək”.

Şəhid anası vurğulayıb ki, dövlətimiz Qarabağın abadlaşdırılmasına, onun gözəlləşdirilərək cənnətə çevrilməsinə böyük vəsait ayırır. Onun sözlərinə görə, bu ərazilərin insanların məsuliyyətsiz davranışı nəticəsində korlanmasına yol vermək olmaz.

“Mən Şuşaya dövlət xətti ilə səfər edəndə bizi müşayiət edən şəxslər həm təhlükəsizliyimizi təmin edir, həm də ərazinin qorunmasına nəzarət edirdilər. İndi isə müxtəlif turlarla gedən insanlara nəzarətin daha da gücləndirilməsinə ehtiyac var.

Düşünürəm ki, belə hərəkətlərə yol verən şəxslərdən bir neçəsi ciddi şəkildə cəzalandırılsa, bu, digərləri üçün də dərs olar. Şəhidlərimizin qanı ilə azad edilmiş torpaqlara və onların ruhuna hörmətsizlik edilməməlidir.

Mənim oğlum da 44 günlük Vətən müharibəsində Şuşada şəhid olub. Ona görə bu məsələyə münasibətim xüsusilə həssasdır. Şuşa bizim üçün sadəcə bir şəhər deyil. Orada şəhidlərimizin qanı, canı və böyük tarixi var”, – deyə Maisə Səbuhi bildirib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*