SEPAH-ın anti-Azərbaycan kampaniyası davam edir.
KONKRET.az xəbər verir ki, dünən İranda İslam İnqilabının qələbəsinə həsr olunmuş illik yürüş keçirilib və bu yürüşdə İranın Azərbaycan Respublikasına qarşı siyasi mövqeyi də nümayiş olunub.
Təbrizdə islam inqilabının ildönümü ilə bağlı yürüşdə SEPAH-ın təşkilatçılığı ilə Azərbaycan Respublikası əleyhinə plakatlar qaldırılıb, şüarlar səsləndirilib.
Əvvəllər sırf anti-Amerika və anti-İsrail xarakteri daşıyan yürüş zamanı Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən şiə dini-hərbi strukturlarının bayraqları, Azərbaycan əleyhinə, istehza xarakterli pankartlar da nümayiş etdirilib.
İran bu gedişi ilə faktiki olaraq Azərbaycanı İslami İranın ideoloji düşməni kimi təqdim edib.
İranın himayəsi altında Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən qruplaşmalar da bütün Yaxın Şərqdə fəaliyyət göstərən, əsas funksiyalarından biri döyüşmək olan qondarma “müqavimət oxu”nun aydın tərkib hissəsi kimi təqdim edilib.

Xuraman Etibarlı,
KONKRET.az
