İran İnqilab Keşikçiləri Ordusunun Xüsusi Təyinatlı Qüvvələrin briqada komandiri, general Hüseyn Almasinin maşınına hücum edilib.
KONKRET.az xəbər verir ki, bu barədə “İRNA” məlumat yayıb.
Məlumata görə, Zahidan şəhərində yerləşən 110-cu Salman-ı Farisi Xüsusi Təyinatlı Qüvvələr Briqadasının komandiri briqada generalı Hüseyn Almasiyə məxsus avtomobilə 4 naməlum şəxs atəş açıb.
Hücum zamanı Almasinin xəsarət almadığı, mühafizəçisi leytenant Mahmud Absalanın isə həyatını itirdiyi açıqlanıb.
Bildirilir ki, ölən zabit İnqilab Keşikçiləri Ordusunun Sistan-Bəlucistan əyalətindəki komandir müavini, briqada generalı Pərviz Absalanın oğludur.
Sistan-Bəlucistan valisinin müavini Əli Rıza Mərhaməti hücumu törədənlərin Zahidan şəhərinin girişindəki nəzarət-buraxılış məntəqəsində tutulduğunu bildirib.
Xatırladaq ki, son günlər İranın cənub -şərqində Pakistanla sərhəddə yerləşən Sistan və Bəlucistan əyalətlərində təhlükəsizlik qüvvələri ilə silahlı qruplar arasında toqquşmalar olub . Martın 24-dən bəri bölgədə baş verən qarşıdurmalarda bir polis və iki məmur həyatını itirib.
Digər tərəfdən, İranın Kəşfiyyat Nazirliyi aprelin 20- də Sistan-Bəlucistan əyalətində İsrailin xarici kəşfiyyat xidməti “Mossad”a casusluqda şübhəli bilinən üç nəfərin həbs edildiyini açıqlayıb.
İqbal Rzayev,
KONKRET.az
