Serbiyada daha bir silahlı hücum: 8 nəfər həlak oldu – VİDEObackend

Serbiyada daha bir silahlı hücum: 8 nəfər həlak oldu - VİDEO

Serbiyanın Mladenovaç şəhərinin Dubona kəndində naməlum şəxs insanlara atəş açıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Blic” qəzeti məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 8 nəfər ölüb. Həlak olanlar arasında 21 yaşlı polis və onun kiçik bacısı da olub. Digər zərərçəkənlər barədə məlumat verilmir.

Qeyd edək ki, daha əvvəl yeddi nəfərin öldüyü, 13 nəfərin yaralandığı bildirilib. Xəsarət alanlar arasında uşaqlar da var.

Qəzetin məlumatına görə, 21 yaşlı şübhəli Dubon şəhərindəki məktəbin həyətində bir qrup şəxslə mübahisə edib. Daha sonra o, evindən avtomat götürərək atəş açıb. Hadisəni törədən gəncin mühasirəyə alındığı, lakin onun təslim olmayaraq atəş açmağa davam etdiyi bildirilir.

Xatırladaq ki, bu, Serbiyada bu həftə baş verən ikinci hadisədir. Belə ki, mayın 3-də Belqradın mərkəzindəki məktəbdə yeniyetmə həmyaşıdlarına atəş açıb. Atışma nəticəsində 9 nəfər – səkkiz məktəbli və bir mühafizəçi həlak olub. Daha altı uşaq və bir müəllim yaralanıb. Serbiya mətbuatının yazdığına görə, 13 yaşlı uşaq iki tapança və “Molotov kokteyli” ilə təhsil müəssisəsinə gəlib. Serbiya Prezidenti Aleksandar Vuçiç daha sonra silahlı şəxsin psixiatrik xəstəxanaya yerləşdiriləcəyini bildirib. Ölkədə 3 günlük matəm elan edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*