“Sərhəddə keçid məntəqəsi mütləq olacaq, buna heç bir şübhə yaranmamalıdır” – ANALİZbackend

"Sərhəddə keçid məntəqəsi mütləq olacaq, buna heç bir şübhə yaranmamalıdır" - ANALİZ

Son günlər Ermənistanın Azərbaycana qarşı təxribatlarının artması fonunda cəbhədə baş verən gərginliklər dünyanın diqqət mərkəzindədir. Doğrudur, Azərbaycan ordusu düşmən təxribatının qarşısını layiqli şəkildə almaqla separatçılara növbəti dəfə dərs verməyi bacarıb. Amma bu təxribatların Rusiya sülhməramlılarının məsuliyyət zonasında baş verməsi bir sıra vacib məqamları gündəmə gətirir. Görünən odur ki, sülhməramlılar öz missiyalarını yerinə yetirməkdə çətinlik çəkir, yaxud da bilərəkdən erməni separatçılarının baş qaldırmasına və onların silahla təminatına şərait yaradır. Hər bir halda prosesin Azərbaycan ərazisində getməsi, rəsmi Bakının alternativ və qabaqlayıcı tədbirlər görməsini zərurətə çevirir. Artıq Xankəndi-Laçın yolunda ekofəalların aksiyasının təşkil olunması separatçılara və rusiyalı sülhməramlılara xüsusi xəbərdarlıq kimi xarakterizə olunur. Amma rəsmi Bakı növbəti və çox ciddi addım kimi Laçın dəhlizində sərhəd-keçid məntəqəsinin yaradılacağını bəyan etməklə düşməni sözün əsl mənasında təşvişə salıb. 

Bu addımın atılması ilə Ermənistandan Qarabağdakı separatçılara silah daşınmasının qarşısı mütləq alınacaq. Bəzi beynəlxalq ekspertlər bu məsələnin reallaşmasına Rusiyanın imkan verməyəcəyini desələr də, Azərbaycanın qətiyyətli mövqeyi əks düşüncənin yaranmasına səbəb olur. Söhbət Azərbaycan ərazilərindən gedir və sülhməramlıların missiyasının bitməsinə çox az vaxt qalıb. Odur ki, Azərbaycan tərəfi öz ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün istənilən addımı atacaq və bunun qarşısını heç kim ala bilməz. Sərhəddə keçid məntəqəsi mütləq olacaq. Bu barədə heç bir şübhə yaranmamalıdır. Yalnız erməni düşərgəsində hələ də sərhəd-keçid məntəqəsinin yaradılmayacağı ilə bağlı ümid ola bilər. Amma bu, heç nəyi dəyişmir. Əsas sual buraxılış məntəqəsinin nə vaxt yaradılacağı ilə bağlıdır ki, hazırda rəsmi Bakı prosesin həyata keçirilməsi istiqamətində ciddi iş aparır. Doğru məqamda və zamanda addım atmağı bacaran Azərbaycan lideri əlində olan bütün məlumatları analiz etdikdən sonra lazımi qərarı verəcək. Odur ki, Azərbaycan xalqı soyuqqanlılığını və tədbirliliyini qorumalıdır. Ermənistan isə “dəmir yumruğ”un hər an işə düşəcəyini xatırlamalıdır.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*