Səudiyyə Ərəbistanı və BƏƏ ABŞ-a qiymətlərin artmasının qarşısını almaq üçün neft hasilatını artırmayacaqlarını açıq şəkildə bildiriblər. Ağ Evin Bayden ilə iki Yaxın Şərq monarxiyasının liderləri arasında danışıqları təşkil etmək üçün bütün cəhdləri uğursuz alınıb. ABŞ və Yaxın Şərq rəsmiləri ABŞ-ın artan neft qiymətlərini cilovlamağa çalışdığını deyərkən Ağ Ev prezident Co Bayden ilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin faktiki liderləri arasında telefon danışıqları təşkil etməyə uğursuz cəhd edib.
KONKRET.az xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və BƏƏ-nin Şeyxi Məhəmməd bin Zayed əl Nəhyan Baydenlə danışmaq istəyindən açıq şəkildə imtina ediblər. Bu barədə həmin dövlətlərin rəsmiləri bildiriblər.
Bu arada, son bir neçə həftə ərzində Səudiyyə Ərəbistanı və BƏƏ rəsmiləri Amerikanın Fars körfəzindəki siyasətini tənqid etməkdə daha fəal olublar. ABŞ rəsmilərindən biri təəssüflə Baydenin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə danışmaq niyyəti haqqında “Telefon zəngi üçün müəyyən gözlənti var idi. Lakin bu baş vermədi. Biz hasilatı artırmaq barədə danışmaq istəyirdik”- deyib.
Sonuncu dəfə Bayden şahzadə Məhəmmədin 86 yaşlı atası Kral Salmanla danışıqlar aparmağı bacarıb. Söhbət fevralın 9-da baş tutub və bu söhbət zamanı hər iki lider ölkələri arasında yaxşı qurulmuş tərəfdaşlığın davam etdiyini təsdiqləyiblər. Səudiyyə rəsmiləri Vaşinqtonla münasibətlərinin Bayden administrasiyası dövründə pisləşdiyinə işarə ediblər. Onlar ABŞ-dan Yəməndəki vətəndaş müharibəsinə müdaxilələri üçün daha çox dəstək, İranın da bu məsələdə irəlilədiyi bir vaxtda mülki nüvə proqramı ilə bağlı yardım və Birləşmiş Ştatlarda Şahzadə Məhəmməd üçün hüquqi toxunulmazlıq istəyiblər. Bu barədə Səudiyyə Ərəbistanı rəsmiləri məlumat yayıb.
Vəliəhd şahzadə 2018-ci ildə jurnalist Camal Qaşıqçının qətlində günahkar bilinərək ABŞ-da mühakimə olunur. Lakin, son 2 ildə Bayden höküməti Səudiyyə Ərəbistanının yuxarıda sadalanan heç bir xahişinə əməl etməyib. Ona görə də Səudiyyə Ərəbistanı, eləcə də BƏƏ indiki məqamda Vaşinqtonu eşitmək fikrindən çox uzaqdır.
“The Wall Street Journal”, ABŞ. 9 mart 2022.
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az
