Son dövrlər qızılın qiymətində müşahidə olunan eniş qiymətli metal almağı planlaşdıran şəxslərin diqqətini yenidən bu bazara yönəldib. İnvestorları maraqlandıran əsas məsələlərdən biri ucuzlaşmanın qarşıdakı aylarda da davam edib-etməyəcəyi və hazırkı qiymətlərin alış üçün nə dərəcədə əlverişli olmasıdır. Qlobal maliyyə bazarlarında baş verən dəyişikliklər, ABŞ dollarının məzənnəsi və faiz siyasəti qızılın gələcək qiymət dinamikasına təsir göstərən əsas amillər sırasındadır.
Bəs qızılın qiymətindəki eniş növbəti aylarda da davam edəcək, yoxsa bazarda yenidən bahalaşma müşahidə olunacaq?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, qızılın qiymətində müşahidə olunan enişin qarşıdakı aylarda da davam etməsi ehtimalı var.

Onun sözlərinə görə, xüsusilə ABŞ dollarının möhkəmlənməsi, faiz dərəcələrinin yüksək səviyyədə qalması və qlobal maliyyə bazarlarında baş verən dəyişikliklər qızılın qiymətinə əlavə təzyiq göstərə bilər.
“Bununla belə, qiymətlərin davamlı şəkildə aşağı düşəcəyini indidən söyləmək üçün kifayət qədər əsas yoxdur. Mərkəzi bankların qızıl alışlarını davam etdirməsi, geosiyasi gərginliklər və qlobal iqtisadi qeyri-müəyyənliklər qiymətlərin yenidən yüksəlməsinə səbəb ola bilər.
Qarşıdakı 2–4 ay ərzində qızıl bazarında dəyişkənliyin davam etməsi, bəzi mərhələlərdə isə əlavə ucuzlaşmanın baş verməsi mümkündür. Bu müddətdə ABŞ-ın faiz siyasəti, dolların məzənnəsi və investorların qızıla olan tələbi qiymətlərin istiqamətini müəyyənləşdirən başlıca amillər olacaq”.
İqtisadçı-ekspert investisiya məqsədilə qızıl almağı düşünən şəxslərə alış qərarlarını mərhələli şəkildə verməyin qiymət dəyişkənliyi ilə bağlı riskləri azaltmağa kömək edə biləcəyini bildirib. Bununla yanaşı, o, vurğulayıb ki, heç bir investisiya strategiyası mümkün zərər riskini tam aradan qaldırmır.
Nəticə etibarilə, qızılın qısamüddətli ucuzlaşması onun uzunmüddətli investisiya əhəmiyyətini itirməsi anlamına gəlmir. Buna görə də alış qərarı verərkən dünya bazarındakı qiymətlərlə yanaşı, valyuta məzənnələrini və makroiqtisadi göstəriciləri də nəzərə almaq vacibdir.
Aynurə İsmayıl
KONKRET.az
