Bir həftəyə yaxındır ki, Rusiyanın Ukraynaya təcavüzü davam edir. Yüzlərlə insanın ölümü ilə nəticələnən döyüşlərdə Ukrayna şəhərləri və mədəniyyəti məhv olur. Necə deyərlər müharibədə qazanan tərəf yoxdur, hər iki tərəf itirir.
Mövzu ilə bağlı KONKRET.az-a danışan əməkdar incəsənət xadimi, rejissor, ssenarist, aktyor Əbdül Mahmudov (Şeyx Əbdül) bildirib ki, insan faciəsinə səbəb olan hər bir müharibəyə münasibət birmənalıdır. Müharibə bütün bəşəriyyətin faciəsidir: “Bütün bunlar hikkəli siyasi liderlərin oyunlarından başqa bir şey deyil. Onlar fikirləşmir ki, bu müharibədə ölən insanların ailəsi və övladları var. Kiminsə əmri ilə qoca, cavan, uşaq demədən hər kəsi qətlə yetirirlər. Amansız silahlar işə salınır, dünya məhv olur. Bu müharibələrin əziyyətini bütün kainat çəkir. Silahlar qlobal istiləşməni bir qədər də sürətləndirir. Xəstə təfəkkürlü, alçaq, müalicəyə ehtiyacı olan siyasi liderlərin verdiyi qərarlar bütün bəşəriyyəti təhlükəyə atır. Rusiya NATO bəhanəsi ilə insanlıq faciəsi törədir. Dünyanın yarısı Rusiyanındır. Sənin başqa ölkələrin ərazisində nə işin var? Abxaziyada, Qarabağda sənin nə işin var axı? NATO indiyə qədər hansı ölkəni işğal edib, hansı təhlükəni yaradıb? Sən sadəcə qapazaltı elədiklərini çapıb talamaq istəyirsən”.
Ə.Mahmudov bildirib ki, bütün dünya Rusiyaya nifrət edir: “İnsanlar indi Putinə nifrət edir. Nə olsun ki, bu gün sənin əlində güc var? Ən böyük güc də, son hökm də Allahın əlindədir. Bu qədər insanı kefin istəyir deyə qırıb məhv etmək olmaz. Necə olur ki, bütün dünya ölkələri pis oldu, bircə Rusiya haqlı çıxdı? Bu barbarlıqdan sonra bütün dünya Rusiyaya nifrət edir. Açığı mənim rus xalqına yazığım gəlir. Burada söhbət rus xalqından getmir. Rusiya siyasi dairələrində erməni faşistlər də var. Lavrovlar, Akopyanlar, Koçaryanlar Putini ortalığa atıb. Ruslar xalq olaraq çox gözəl və xeyirxah insanlardır. İllərlə biz orada yaşamışıq. Ermənilər oraya köçəndən sonra gecə-gündüz təxribatlarla məşğul oldu. Lavrovu niyə güllələmirlər? Bütün günü öz kefini çəkən Lavrovlar, Koçaryanlar Putini qızışdırıb müharibəyə başladı. Xocalı faciəsini də onlar törətmişdi. Rus imperiyasının başında dayanan təcavüzkar rəhbərlər mütləq məhv edilməlidir. Rus xalqı da, bütün dünya da onlardan azad olunmalıdır. Bu müharibə deyil, xəyanətdir, şeytan əməlidir”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
