Şeyx həzrətlərinə CAVAB – “İranı mədh etməkdə məqsədin nədir?” – ƏTRAFLIbackend

Şeyx həzrətlərinə CAVAB – "İranı mədh etməkdə məqsədin nədir?" - ƏTRAFLI

Son vaxtlar ABŞ-ın və Qərbin İrana münasibətlərində bir yumşalma hiss olunur. Təsadüfi deyil ki, bir müddət əvvəl ABŞ İrana qarşı tətbiq etdiyi 1000-dən artıq sanksiyanı ləğv etdi. Hətta ABŞ İranla nüvə danışıqlarına hazır olduğunu bildirdi. Doğrudur, İran ABŞ-ın atdığı addımlara o qədər də sevincək cavab vermədi. Hətta yeni prezident seçilmiş İbrahim Rəisi bəyan etdi ki, Baydenlə heç zaman danışıqlar masasına əyləşməyəcək. Bunun da bir sıra gizli səbəbləri var.

Qeyd edək ki, Türkiyə ilə Azərbaycanın regionda artan nüfuzu ABŞ-ı və Qərbi ciddi narahat edir. Çünki Türkiyə-Azərbaycan birliyinin hədəflərindən biri türk dünyasının birliyinin yaradılmasına nail olmaqdır. Bu ideya isə nəinki ABŞ və Qərbi, eləcə də İranı və Rusiyanı çox ciddi narahat edir. Ona görə də ABŞ Turan dövlətləri birliyininin yaradılmasına və Türkiyə-Azərbaycan iş birliyinə maneə ola biləcək ən maraqlı tərəf kimi İranı görür. Bu məqsədlə ABŞ son vaxtlar İrana qarşı müəyyən güzəştli addımlar atır. İran da ABŞ və Qərbin bəd niyyətini çox gözəl bilir. Bunu bildiyi üçün də İran ABŞ-a ucuz satılmaq istəmir. İran hakimiyyəti necə deyərlər bir güllə ilə iki dovşan vurmaq istəyir.

Bu məsələdə İran üçün ilk hədəf Türkiyə və Azərbaycanın regionda əsas söz sahibi olmasına maneə olmaqdır. Çünki güclənən Azərbaycanın İranda ən azı 30 milyon təəssübkeşi var. Yəni ki, İranın sonunu İsrail, ABŞ və Qərb deyil, Qüdrətli Azərbaycan gətirə bilər. Ona görə də bütün vasitələrlə rəsmi Tehran Türkiyə-Azərbaycan birliyinə maneə olmaq istəyir. Bu yolda isə istənilən arzuolunmaz dövlətlə, ABŞ-la və hətta İsraillə sövdələşməyə getməyə hazırdır. Təki Azərbaycan qüdrətlənməsin. Və Rəisinin də son bəyanatı əslində “dəlinin yadına daş salmaqdır”. Necə deyərlər,  “gəl yükümüzü çaydan keçirək, sonra davamızı davam etdirək”. İran ABŞ və Qərbə demək istəyir ki, “gəl danışıqlar masasına oturaq, türkləri durduraq, sonra yenə “düşmən-düşmən” oyunu oynayaq”.

Əslinə baxsan, İranın son illər Rusiya ilə yaxınlaşmasının da əsas səbəbi Azərbaycan faktorudur. Amma sanksiyalar Rusiyanı dalana dirədi. Rusiya nicat üçün Türkiyəyə üz tutdu. Türkiyə isə Kremlə izah etdi ki, sağlam və davamlı tərəfdaşlığın yolu Azərbaycandan, onun ərazi bütövlüyündən keçir. Ona görə də İkinci Qarabağ müharibəsində Rusiya dişini-dişinə sıxıb dayandı. Amma cəmi 44 gün. Əgər Rusiya müdaxilə etməsəydi, indi Qarabağda bir dənə də olsun erməni terrorçusu qalmayacaqdı.

Lakin bütün hallarda Azərbaycan istəyinə çatdı. 30 illik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü təmin edildi.

Bu yerdə çox vacib bir məqamı yada salaq. İran 44 günlük müharibədə birmənalı şəkildə Ermənistanı dəstəklədi. Rusiyadan, İraqdan, Livandan, Suriyadan və digər ölkələrdən gələn hərbi texnikanı və muzdluları öz ərazisində Ermənistana ötürdü. Bununla bağlı çox deyilib, çox danışılıb. Ona görə də bu məsələnin üstündə çox dayanmadan qeyd edim ki, ikinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsinin qaçılmaz olduğunu görən İranın ali dini lideri Ayətullah Xomeneyi məhz noyabrın 4-də açıqlama verdi və dedi ki, “Qarabağ islam torpağıdır”. Azərbaycan torpağı yox haaaa, İslam torpağı. Baxmayaraq ki, dini lider özü də milli mənsubiyyətinə görə azərbaycanlıdır. Amma çifayda. “Sən saydığını say, gör Tehranda nə sayırlar”.

44 günlük müharibədə Tehranın bütün hesabatları təbii ki, Ermənistanın qələbəsinə hesablanmışdı. Çünki Ermənistanla İranın türklərə qarşı maraqları üst-üstə düşür. Təsadüfi deyil ki, son 30 ildə Ermənistanın Rusiyadan sonra ən yaxın tərəfdaşı İran olub. Hətta bu iki dövlət arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Bu gün 30 milyon azərbaycanlıya ana dilində orta məktəb açmağa imkan verməyən Tehran 100 minlik erməniyə öz dilində universitet, məktəb, kollec və ən nəhayət yazılı və elektron mətbuatın açılmasına və istədiyi kimi fəaliyyət göstərməsinə hər cür şərait yaradıb. Bunun da başqa adı yoxdur: “Düşmənimin düşməni mənim dostumdur”.

  • Ona görə də İranı şübhəli sevən Hacı Allahşükür Paşazadənin diqqətinə bir daha çatdırırıq ki, Azərbaycana dəstək baxımından Türkiyə və İranı müqayisə etmək ədalətsizlikdir, hansısa bəd niyyətə xidmətdir. Türkiyə uzun illər Azərbaycanın haqlı mövqeyini dəstəkləyib, Ermənistanla sərhədləri bağlayıb, müharibə dövründə ən yüksək səviyyədə müntəzəm qaydada Azərbaycana siyasi və mənəvi dəstək verib. Məgər Allahşükür Paşazadəyə bunları xatırlatmaqmı lazımdır?

Görəsən, şeyx həzrətləri Azərbaycanın işğal edilmiş ərazilərində 60-dan çox məscidin dağıdılmasına İrandan heç bir reaksiya olmayanda niyə susurdu? Şuşadakı məscidin iranlı iş adamları tərəfindən bərpa edilməsinə niyə Şeyx münasibət bildirmirdi? Ocaqnecatın bir dəfə də olsun bu məsələlərə münasibət bildirməməsi sizcə nəyə hesablanmışdı? Amma Azərbaycandan səslənən haqlı iradlara həmişə Amilinin ittihamları ilə cavab verilib və buna da QMİ münasibət bildirməyə lüzum görməyib.

Hörmətli oxucunun diqqətinə 2021-ci il fevralın 26-da Prezident İlham Əliyevin xarici jurnalistlərlə mətbuat konfransında yeganə təxribatçı sualın iranlı jurnalist tərəfindən verilməsini xatırlatmaq da yerinə düşər. Məhz İrandan göndərilən müxbir ermənilərin iddialarını 44 günlük müharibədə təkrarladı. Qeyd edək ki, həmin iddialarda deyilrdi ki, Azərbaycan tərəfindən müharibədə suriyalı muzdlular iştirak edir.

Bütün təzyiqlərə və müdaxilələrə baxmayaraq, Azərbaycan öz hədəflərinə addım-addım irəliləyir. Lakin qarşı tərəf də boş dayanmır. İran həm Ermənistanla, həm də bu günə qədər özünə düşmən saydığı dövlətlərlə gizli danışıqlar aparır. Başqaları bilməsə də, Quzey Azərbaycandan İranda baş verənlər çox aydın görünür. Belə ki, dekabrın 10-da Azərbaycan və Türkiyə liderləri regionda Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və Ermənistanın iştirakı ilə altılıq platformasının yaradılması təşəbbüsünü irəli sürdü. Bu təşəbbüsə qarşı ilk çıxış edənsə məhz İran oldu. Hətta həmin günlərdə İranla Türkiyə arasında diplomatik krizis də yaşandı.

Baxmayaraq ki, bu platforma bəlkə də ən çox İrana lazımdır. Çünki ABŞ və Qərbin sanksiyalarından qorunmağın tək yolu qonşularla isti münasibətdir. Lakin İran öz məkrli niyyəti üçün altılıq platformasını inkar etdi. Amma ideyanın cazibəsi o qədər qüvvətli idi ki, Tehran sonda özü dilə gəldi. Amma yenə xain niyyətini biruzə verməklə. Tehranın təklif etdiyi platforma belə idi: 3+1. Yənin Rusiya, İran və Azərbaycan, üstəgəl Ermənistan. Türkiyə yenə də kənarda saxlanılırdı. Amma artıq gec idi. Türkiyə- Azərbaycan birliyi regionda yeni reallıqlar diqtə edir. Bu regionda son söz Bakı və Ankaranındır. Ona görə də İranın xarici işlər naziri Cavad Zərif ötən ay Türkiyə də daxil olmaqla region dövlətlərinə səfər etdi. Sonda ildə altılıq platformasına razı olduqlarını söylədi. Amma yeni adda – 3+3 formatında.

Bax bu yerdə deyirlər: “adın nədir Daşdəmir, yumşalarsan, yumşalarsan”. İran şovinizmi Azərbaycan-Türkiyə birliyi qarşısında tab gətirmir. Bu isə perspektiv üçün gözəl hadisələrin olacağından xəbər verir.

Odur ki, şeyx həzrlətlərinin diqqətinə çatdırmaq lazımdır ki, Azərbaycanda din dövlətdən ayrıdır. Bunu unutmaq olmaz ki, 44 günlük müharibənin nəticəsi cənubdan gələn fətvada deyil, Prezident İlham Əliyevin qətiyyəti, cəsarəti, düşünülmüş siyasətində, xalqımızın ona olan böyük etimadında,  əskər və zabitlərimizin yaratdığı igidlik və qəhrəmanlıq səlnamələrində əks olunub. Buna görə də Allahşükür Paşazadı ictimaiyyəti, dindarları çaşdıran manipulyativ iddialara yol verməməli idi. Amma təəssüf ki, cəmiyyəti çaşdıran bu açıqlaması ilə Paşazadə İranda yaşayan soydaşlarımıza da hörmətsizlik edib. O soydaşlarımızın ki, İran ərazisindən Ermənistana silah daşınarkən kəskin etirazlarını bildirmiş və qonşu dövlətin bu missiyasının qarşısını almışdı.

Azərbaycan dronlarının sərhəd ərazilərdə uçmasından narahatlığnı bildirən bir dövlətin – İranın mədh olunmasını heç anlamaq olmur.

SURXAY ATAKİŞİYEV,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*