Evlərdə gündəlik istifadə olunan internet yönləndiriciləri (routerlər) çox vaxt diqqətdən kənarda qalan texnoloji qurğular hesab olunur. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, uzun müddət yenilənməyən və təhlükəsizlik tədbirləri görülməyən bu cihazlar kibercinayətkarlar üçün asan hədəfə çevrilə bilər.
Son xəbərdarlıqlara görə, köhnə və zəif qorunan routerlər vasitəsilə hakerlər ev şəbəkələrinə daxil olaraq istifadəçilərin şəxsi və bank məlumatlarını ələ keçirə, həmçinin digər cihazlara nəzarət imkanı qazana bilirlər. Bəs evlərdə istifadə etdiyimiz routerlər nə dərəcədə təhlükəsizdir?

Elvin Abbasov
Mövzu ilə bağlı KONKRET.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, köhnə və qorunmayan yönləndiricilər vasitəsilə ev şəbəkələrinə sızmaq kibercinayətkarlar üçün olduqca asandır. Onun sözlərinə görə, belə hallarda təkcə internet bağlantısı deyil, şəbəkəyə qoşulan digər cihazlar da risk altına düşür.
“Router üzərindən həyata keçirilən kiberhücumlar nəticəsində istifadəçilərin kompüterləri, telefonları və digər ağıllı cihazları nəzarətə götürülə bilər. Bu zaman kibercinayətkarlar şəxsi məlumatları və bank məlumatlarını ələ keçirə, istifadəçilərin onlayn fəaliyyətlərini izləyə və hətta həmin cihazlardan botnet şəbəkələrinin qurulmasında istifadə edə bilirlər. Ən təhlükəli məqam isə odur ki, bu hücumlar çox vaxt səssiz və istifadəçinin xəbəri olmadan baş verir”, – deyə o qeyd edib.
Mütəxəssis əlavə edib ki, istifadəçilər əksər hallarda təhlükəsizlik pozuntusunu yalnız məlumat itkisi və ya hesabların sındırılması kimi ciddi problemlər yarandıqdan sonra hiss edirlər.
“Bu səbəbdən routerlərin proqram təminatının (firmware) mütəmadi yenilənməsi, zavoddan gələn standart şifrələrin dəyişdirilməsi və ümumi şəbəkə təhlükəsizliyi qaydalarına əməl olunması vacibdir. İstehsalçı tərəfindən artıq dəstəklənməyən köhnə yönləndiricilərin istifadəsi isə xüsusilə risklidir və belə cihazların daha müasir və təhlükəsiz modellərlə əvəz edilməsi tövsiyə olunur”.
Aynurə İsmayıl
KONKRET.az
