Söküntü zamanı kompensasiya necə hesablanmalıdır? – Mütləq bunları bilməlisinizbackend

Söküntü zamanı kompensasiya necə hesablanmalıdır? – Mütləq bunları bilməlisiniz

Bakıda və digər şəhərlərdə həyata keçirilən söküntü layihələri zamanı ev sahiblərinə ödənilən kompensasiya məbləği yenidən müzakirə mövzusuna çevrilib. Bir çox vətəndaş təklif olunan ödənişin mənzillərinin real bazar dəyərini əks etdirmədiyini, xüsusilə yüksək təmirli evlər üçün vahid qiymətin tətbiqinin ədalət prinsipinə uyğun gəlmədiyini bildirir.

Bəs söküntü zamanı kompensasiya hansı prinsiplərlə hesablanmalıdır və niyə bəzi hallarda bazar qiymətindən aşağı məbləğ təklif olunur?

Mövzu ilə bağlı KONKRET.az-a danışan əmlak eksperti Elnur Azadov bunun əsas səbəbinin xərclərin minimuma endirilməsinə çalışılması olduğunu deyib.

Elnur Azadov: “Son 4-5 il ərzində qiymətlərin 70 faizə qədər artma səbəbi  tikinti layihələrinin kəskin azalması oldu”

Onun sözlərinə görə, tikinti şirkətləri kompensasiya məbləğini mümkün qədər aşağı saxlamağa üstünlük verirlər:

“Əslində əsas səbəb qənaət etməyə çalışmalarıdır. Tikinti şirkətləri hərtərəfli qənaət etmək istədikləri üçün vətəndaşlara bazar dəyərindən aşağı məbləğ təklif edirlər. Xüsusilə sənədləri tam qaydasında olmayan daşınmaz əmlaklarda tərəflər arasında daha çox problemlər yaşanır.”

Ekspert bildirib ki, dövlət tərəfindən həyata keçirilən bəzi söküntülərdə də kompensasiya əvvəlcədən müəyyən edilmiş vahid qiymət əsasında hesablanır.

“Məsələn, şəhərin mərkəzində aparılan bəzi söküntülərdə hər kvadratmetr üçün 2700 manat kompensasiya təklif olunur. Təəssüf ki, bu məbləğ mənzilin təmir vəziyyətindən asılı olmayaraq tətbiq edilir. Halbuki yüksək səviyyədə təmir olunmuş evlə adi təmirli mənzil eyni qiymətlə dəyərləndirilməməlidir”

Elnur Azadovun fikrincə, kompensasiya əmlakın real bazar dəyəri əsasında müəyyənləşdirilməli, hesablamalar zamanı evin yerləşdiyi ərazi, təmir səviyyəsi, texniki vəziyyəti və digər xüsusiyyətlər nəzərə alınmalıdır.

Ekspert hesab edir ki, yalnız bu halda ev sahiblərinin hüquqları daha dolğun şəkildə qorunar və söküntü prosesində yaranan narazılıqların qarşısını almaq mümkün olar.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*