ABŞ administrasiyası Kuba prezidenti Migel Diaz-Kaneli vəzifədən uzaqlaşdırmaq niyyətindədir. Bu addım ölkə iqtisadiyyatında struktur dəyişikliklərinə yol açaraq Amerika şirkətləri üçün yeni imkanlar yarada bilər.
Donald Trampın növbəti hücum hədəfi Kuba ola bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Sabir Məmmədli bildirib:

“Hadisələr göstərir ki, Yaxın Şərqdəki ABŞ, İsrail, İran müharibəsi hələ yaxın zamanda yekunlaşan deyil. Çünki ABŞ da, İsrail də qarşılarına qoyduqları məqsədləri hələ reallaşdırmayıb. Proseslər xeyli uzanacaq.
Politoloqun sözlərinə görə, ABŞ Xarq adasına dəniz piyadaları yerləşdirəcək. Orada quru əməliyyatlar olacaq.
Kuba barədə danışmağın hələ tez olduğunu deyən politoloq vurğulayıb:
“Nəzərə almaq lazımdır ki, Kubanın daxili vəziyyəti, sabitliyi xeyli dərəcədə pozululub. Onlar indiyədək neft məhsullarını Venesueladan əldə edirdilər. Amma indiki vəziyyətdə bu imkanlardan məhrum olublar. Bu mənada Kubanın daxilində ciddi proseslər gedir. Eyni zamanda hökumətə qarşı mitinqlər keçirilir. Üstəlik, Kuba rəhbərliyi bazar iqtisadiyyatına doğru, o cümlədən xarici ticarət məsələlərində bir sıra addımlar atır.
“Amerikanın tələblərini qarşılamaq, ona uyğunlaşmaq üçün Kuba bunları edir. Düşünürəm ki, ABŞ Kubaya hücum etməyəcək. Çünki Kuba rəhbərliyi artıq özü müəyyən mənada mesajlar verir ki, ABŞ-la dil tapsın və iqtisadi çətinlikləri aradan qaldırsın. Hətta Tramp bir müddət əvvəl danışıqların əldə olunması ilə bağlı açıqlama da vermişdi. Çünki ABŞ-ın Kubanı blokadaya götürmək və sıxışdırmaq üçün başqa imkanları da var”, — deyə Sabir Məmmədli sonda qeyd edib.
Dəniz Pənahova
KONKRET.az
