İlin əvvəlindən etibarən suyun qiymətində mümkün artımla bağlı səsləndirilən fikirlər cəmiyyətdə müzakirələrə səbəb olub. Artan xərclər su təsərrüfatının gələcək taleyi ilə bağlı sualları daha da aktuallaşdırır. Mövcud iqtisadi şəraitdə su tariflərinin yenidən nəzərdən keçirilməsi nə dərəcədə aktualdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynovanın sözlərinə görə, su təsərrüfatı zahirən sadə görünsə də, əslində yüksək xərc tələb edən sahələrdən biridir.

“Bu sahədə əsas məsələ yalnız suyun mövcudluğu deyil, onun keyfiyyətli şəkildə təmin edilməsidir.
Su təminatı üçün geniş texniki xidmət tələb olunur. Bu prosesdə yanacaq sərf olunur, işçi qüvvəsinə ehtiyac var, infrastruktur daim yenilənməlidir. Keyfiyyətli suyun istehlakçılara çatdırılması ciddi maliyyə resursları tələb edir”.
Ekspert qeyd edib ki, hər il dövlət büdcəsindən bu sahəyə müəyyən vəsait ayrılsa da, kifayət etmir.
“Ayrılan vəsaitlər və mövcud tariflər belə xərcləri tam qarşılamır.
Bu da göstərir ki, mövcud maliyyələşmə mexanizmləri yetərli deyil”.
Günay Hüseynova əlavə edib ki, yaxın dövrdə baş verən su basmaları və boru xətlərindəki qəzalar mövcud infrastrukturun ciddi problemlərlə üzləşdiyini göstərir:
“Boruların böyük hissəsi sıradan çıxıb. Bu isə əlavə təmir və yenidənqurma işlərinə böyük vəsait tələb edir. Qarşıda görüləsi işlər çoxdur və bunlar üçün ciddi maliyyə lazımdır.
Neft gəlirlərinin artması fonunda dövlətin bu sahəyə ayırdığı vəsait yüksələ bilər. Lakin bu da kifayət etməyəcək.
Təkcə dövlət büdcəsindən ayrılan vəsait problemləri tam həll etmir. Əgər keyfiyyətli su təminatı istəyiriksə, müəyyən tarif tənzimləmələri qaçılmazdır”.
Bununla belə, o qeyd edib ki, hazırda suyun qiymətinin artırılması ilə bağlı Tarif Şurasına rəsmi müraciət olunmayıb.
“Lakin ilin sonuna doğru bu məsələnin yenidən gündəmə gəlməsi ehtimalı yüksəkdir.
Payız və qış mövsümündə xərclər daha da arta bilər. Bu səbəbdən ilin sonuna yaxın su tariflərinin artırılması məsələsi aktuallaşacaq”.
Aynurə İsmayıl
KONKRET.az
