Ermənistanda mümkün hakimiyyət dəyişikliyi fonunda Azərbaycanla paraflanmış sülh sazişinin taleyi yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə radikal müxalif qüvvələr hakimiyyətə gələcəyi təqdirdə əldə olunan razılaşmaların ləğvi və ya yenidən nəzərdən keçirilməsi ehtimalı regionda sabitlik və təhlükəsizliklə bağlı narahatlıqları artırır.
Bəs bu ssenari real olaraq Cənubi Qafqazda yeni müharibə riskini nə dərəcədə yüksəldə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, Ermənistanda iyunda keçiriləcək seçkilərdə Baş nazir Nikol Paşinyan deyil, rəqibləri qalib gəlsə, Azərbaycanla indiyədək əldə olunan bir çox razılaşma qüvvədən düşə və ya yenidən nəzərdən keçirilə bilər.

Tural Abbaslı
“Bu halda yeni münasibətlər sistemi formalaşar. Sistem daha çox qarşıdurma və aqressiyaya yönəlmiş siyasətlə müşayiət olunacaq.
Məhz bu səbəbdən Azərbaycan tərəfi də hələlik Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır və müəyyən siyasi jestlər də bu kontekstdə qiymətləndirilə bilər”.
Partiya sədrinin fikrincə, mövcud analizlər Paşinyanın seçkilərdə qalib gələcəyini göstərir.
“Erməni cəmiyyəti yeni qarşıdurmadan çəkinir və bunun əsas səbəbi müharibənin nəticələrini görməsi, həmçinin Ermənistanın hazırda hərbi və iqtisadi baxımdan Azərbaycanı üstələyə bilməyəcəyini anlamasıdır. Ermənistan zəif qaldığı müddətdə, Paşinyan hakimiyyətdə olsa belə, Azərbaycana qarşı aqressiv siyasət lazımi səviyyəyə çatmayacaq”.
Lakin o, hesab edir ki, gələcəkdə Ermənistan iqtisadi və hərbi baxımdan güclənərsə, yenidən Azərbaycana qarşı ərazi iddiaları və aqressiv ritorika gündəmə gələcək.
“Paşinyan zəif olduqları müddətdə razılaşmalara gedə bilər. Amma gələcəkdə onun özünün də Azərbaycana qarşı daha radikal mövqe tutacağı istisna deyil”, – deyə T.Abbaslı vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
