“Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca Nikol Paşinyan ölkə daxilində imicini gücləndirməyə çalışır. O, müxtəlif şəhərlərə səfərlər edir, vətəndaşlarla görüşür və ictimai dəstəyini artırmağa yönəlmiş aktiv kampaniya aparır. Bu fəaliyyətlərin əsas məqsədi seçkilərdə daha çox səs toplamaq və elektorat üzərində müsbət təsir yaratmaqdır”.
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasında səsləndirib:

“Lakin bu proses həmişə birmənalı qarşılanmır. N. Paşinyanı dəstəkləməyən, xüsusilə müxalif düşərgəyə yaxın olan qruplar onun səfərləri zamanı narazılıqlarını müxtəlif formalarda ifadə edirlər. Bu da göstərir ki, Ermənistanda ciddi siyasi qütübləşmə mövcuddur. Bəzi hallarda bu qütübləşmə fiziki qarşıdurma və aqressiya ilə nəticələnə bilir. Cəmiyyətdə fərqli siyasi baxışların olması təbiidir, lakin Ermənistanda bu fərqliliklər bəzən kəskin qarşıdurmaya çevrilir. Hakimiyyəti qəbul etməyən və ona qarşı çıxan müxtəlif sosial və siyasi qruplar mövcuddur. Bu narazılıqların səbəbləri isə çoxşaxəlidir”.
Politoloq qeyd edir ki, eyni zamanda, seçki fonunda kilsə-dövlət münasibətlərinin də gərginləşdiyi müşahidə olunur.
“Xüsusilə Paşinyanın Müqəddəs Ana Kilsəsinə səfəri müəyyən dairələrdə narazılıq doğurub. Çünki bu məkan həm də “Vətən Naminə Tavuş” hərəkatı və arxiyepiskop Baqratın tərəfdarlarının əsas toplaşma yerlərindən biri kimi tanınır. Bu qruplar hazırkı hakimiyyətə qarşı çıxır və öz etirazlarını açıq şəkildə ifadə edirlər.
Bundan əlavə, təhlükəsizlik məsələləri də diqqət çəkir. Bəzi insidentlər mühafizə xidmətinin yetərincə güclü olmadığı barədə suallar yaradır. Bu isə həm siyasi liderin təhlükəsizliyi, həm də ümumi ictimai sabitlik baxımından risk faktorudur”.
E. Səftərov vurğulayıb ki, N.Paşinyanın cəmiyyətdə müəyyən dəstək bazası olsa da, onun siyasətini bəyənməyən kütlə də mövcuddur.
“Bu narazılıq həm daxili siyasi müxalifətdən, həm kilsə çevrələrindən, həm də revanşist qüvvələrdən qaynaqlanır. Xüsusilə, Azərbaycanla normallaşma prosesi və regional əməkdaşlıq təşəbbüsləri bəzi qruplar tərəfindən qəbul edilmir.
Bundan əlavə, Rusiyayönümlü siyasi qüvvələr də Ermənistanın Qərbə inteqrasiya siyasətinə tənqidi yanaşır. Bu isə ölkə daxilində geosiyasi istiqamət üzrə əlavə parçalanma yaradır.
Ona görə də mövcud vəziyyət göstərir ki, seçkilər yaxınlaşdıqca siyasi gərginliyin və qarşıdurma risklərinin daha da artması ehtimalı yüksəkdir”.
Aynurə İsmayıl
KONKRET.az
